Şəhid ailələri və müharibə əlillərinə ümumilikdə ötən dövrdə 12500-dən çox mənzil və ya fərdi ev verilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bu gün keçirilən brifinqdə belə deyib.
O qeyd edib ki, şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib. “Keçən il onlara 3 min mənzil, ümumilikdə ötən dövrdə 12500-dən çox mənzil və ya fərdi ev verilib. Bundan başqa son 4 ildə 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlili minik avtomobili ilə təmin edilib”, - deyə nazir müavini bildirib.
A.Əliyevin sözlərinə görə, şəhid ailələri və müharibə əlillərinə yönələn sosial ödənişlərin də son 4 ildə ardıcıl şəkildə artırılması təmin edilib. ("Trend")