22.12.2024, 17:00
AZ EN
14.12.2022, 10:38 407

Xudu Məmmədovun doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün kristalloqraf-alim Xudu Surxay oğlu Məmmədovun doğum günüdür. O, 1927-ci il dekabr ayının 14-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. Ağdamda orta məktəbi bitirən Xudu Məmmədov Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinin geologiya şöbəsinə daxil olub. 1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurub və müəllimi Heydər Əfəndiyevin təkidi ilə Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alıb.

Xudu Məmmədov daha sonra SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun aspiranturasına daxil olub. O, 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun kimya laboratoriyasının müdiri vəzifəsində çalışıb. 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülüb. O, 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib.
Bənzərsiz elmi təfəkkürə malik olan Xudu Məmmədovun məşğul olduğu elm sahəsi də başqalarına bənzəmirdi. Bir çox kəşfi ilə dünya alimlərini heyran edən Xudu müəllim silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirərək həmin birləşmələr ilə karbonatlar, yarımkeçiricilər və s. arasında kristallokimyəvi qohumluq əlaqəsini aşkara çıxarıb. Elmi terminlərlə ifadə eləsək, 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristall quruluşunu öyrənib, elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarını tətbiq edib.

Xudu müəllim böyük alim olmaqla yanaşı həm də ədəbiyyatı, incəsənəti, msiqini çox sevərdi. Onun zərb-məsəlləri, söylədiyi bayatılar bu gün də dillər əzbəridir.   

 

Özümlə, özgəylə yaxşı başarram,

Arzumun ardınca illər aşaram.

Məni altmışımla təbrik edən dost,

Qoysalar doxsan da, yüz də yaşaram.

 

Eşqinə borcludur analar bizi,

Onlara an verib, an alar bizi.

Gəlin unutmayaq biz bu anları

Bəlkə insan kimi analar bizi.

 

Qəlbim sənə əsirdi,

Hikmətinə qəsirdi.

Səninlə də sənsizəm

Bu nə hikmət, nə sirdi?

  

Xəyalım daşdı, neynim,

Sədləri aşdı, neynim,

Düyünlər açan fikrim

Səndə dolaşdı, neynim.

 

Anam ozan olubdur,
Dərdə dözən olubdur,
Dili haqdan bağlanıb,
Naxış düzən olubdur.

Sənə bəslədiyim, Vətən, nə simdi?
Səsinnən ürəyim əsim-əsimdi.
Sevgimin əvəzin vermək istəsən,
Bir ovuc torpağın olmaq bəsimdi.


Xudu müəllim, Xalq şairi Bəxtiyar Vahabzadə və  professor Nurəddin Rzayev elə dost idilər ki, onlara “üçlük” də deyirdilər.

Deyirlər, alim olmaq asandır, insan olmaq çətin. Xudu müəllim həm gözəl alim, həm də istedadlı, istiqanlı, xalqına can yandıran, elin hayına çatan insan idi.

Xudu Məmmədov 1988-ci ilin oktyabr ayının 15-də Qarabağda hadisələrin gündən-günə tüğyan etdiyi bir vaxtda 60 yaşında dünyasını dəyişib. Allah rəhmət eləsin.

Mina RƏŞİD

Oxşar xəbərlər