Bu gün Azərbaycan ordusunun kiçik çavuşu olan şəhid Emil Əmirovun doğum günüdür. O, 2000-ci ilin dekabr ayının 9-da Mingəçevir şəhərində anadan olub. Anası Xanımaz və nənəsi Məleykənin himayəsində böyüyüb. 2007-ci ildə Mingəçevirdə 7 nömrəli orta məktəbin birinci sinfinə gedib. Sonra anası ilə birgə Moskva şəhərinə köçən Emil 2-ci sinifdən təhsilini burada davam etdirib. O, uşaqlıqdan idmanla məşğul olmağı çox sevərdi. Emil yad ölkədə yaşasa da anası onu vətənpəvər ruhda böyütmüşdü. Emilin dayısı Müzəffər İmanov Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olmuşdu. Dayısının şəhid olması Emili düşmən tapdağında olan torpaqlarımızı azad etməyə və ondan qisas almağa çağırırdı. 16 yaşında Azərbaycana dönən Emil Vətənə xidmət borcunu yerinə yetirmək üçün 2018-ci ildə hərbi xidmətə yollanıb. O, qulluq etdiyi hərbi hissədə ona verilən tapşırıqları qüsursuz yerinə yetirdiyinə görə bütün heyətin hörmətini qazanıb.
Hərbi xidmətini 2020-ci ilin aprel ayında başa vuran Emil anasının və nənəsinin yanına dönüb. Ancaq 2020-ci ilin avqust ayında yenidən Orduya qayıdıb və baş kəşfiyyatçı kimi Vətənə xitmətə başlayıb.
Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə Ordumuzun 2020-ci ilin noyabr ayının 27 də başladığı Zəfər yürüşünə kiçik çavuş Emil Əmirov da cəsarətlə qoşulub. İgid oğlumuz Vətən müharibəsində də şəxsi keyfiyyətləri və qəhrəmanlığı ilə fərqlənib. Belə ki, Emil döyüşlərin birində yaralanaraq xəstəxanaya göndərilib. Amma o, yaralı olduğunu doğmalarına bildirmədən bir az özünə gələn kimi yenidən döyüşlərə yollanıb.
Kəşfiyyatçı Emil Əmirov oktyabrın 14-də qanlı döyüşlərin birində qəhrəmanlıqla Şəhid olub.
Şəhidimiz Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında üçrəngli bayraqlara bürünmüş böyük bir izdiham və ehtiramla dəfn edilib.
Ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
1992-ci ildən qardaş itkisi ilə yaşayan Xanımnaz ana 28 il sonra daha ağır bir həsrətlə imtahana çəkilib...
Azərbaycanın qəhrəman övladı Emil Əmirov 19 yaşında Vətən uğrunda şəhadətə ucalıb. O, bu qısa ömründə Zəfər tariximizə adını qanı ilə qızıl hərflərlə yazıb. Cənnətdəki doğum günün mübarək, Şəhid balamız!
Mina RƏŞİD