23.12.2024, 11:39
AZ EN
18.11.2022, 17:20 638

“Qarabağ” ordenli Şuşa fatehi

XƏBƏRLƏR
  • İkinci Vətən müharibəsində qazandığımız böyük Zəfərdə Ordumuzun Xüsusi Təyinatlı Qüvvələrinin rolu müstəsna əhəmiyyət kəsb edir. Bu mərd döyüşçülər sıldırımlı qayaları, sərt keçidləri böyük bir şücaətlə aşaraq Şuşa fatehləri kimi Zəfər Tariximizi canları, qanları bahasına qızıl hərflərlə yazdılar.

Belə qəhrəman oğullarımızdan biri də kapitan Şamxal Ağayevdir. O, Yardımlı rayonunda anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. Sonradan Ordu sıralarına qoşulub. 10 ildən artıqdır ki, Silahlı Qüvvələrimizdə zabit kimi fəaliyyət göstərən Şamxal Ağayev istər Aprel döyüşlərində, istərsə də Vətən müharibəsində düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. İkinci Vətən Müharibəsində qəhrəman zabitimiz Qubadlı, Zəngilan, Xocavənd, Cəbrayıl rayonlarının və Şuşa şəhərinin düşməndən azad edilməsində mərdliklə savaşıb. Noyabrın 2-də Şuşa ətrafında gedən döyüşlərdə yaralansa da, döyüş meydanını tərk etməyib. Şuşanın tam işğaldan azad edildiyi günədək düşmənlə vuruşub. Babası Böyük Vətən müharibəsinin, əmisi oğlu Birinci Qarabağ savaşının, qardaşı isə özü kimi İkinci Vətən Müharibəsinin iştirakçısı olub.

Qazimiz deyir ki, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi   Qarabağ Azərbaycanın döyünən ürəyidir. Şuşa bizim üçün çox vacib və strateji tapşırıq idi. Şuşada bizim tarixi və memarlıq abidələrimiz çox olduğuna görə biz oranı dağıda bilməzdik. Şuşa döyüşlərində zirehli texnikalardan, artilleriya mərmilərindən istifadə olunmamalı idi. Ona görə biz bu tapşırığa uyğun fəaliyyət göstərirdik. Şuşa döyüşlərinə rəhbərliyi Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyev həyata keçirirdi. Füzuli rayonu işğaldan azad olunandan sonra bizim komandana general-leytenant hərbi rütbəsinin verilməsi şəxsi heyətimizi daha da sevindirdi, bizdə ruh yüksəkliyi yaratdı. Xüsusi Təyinatlı Qüvvələrin fəaliyyəti və bizə göstərilən diqqət artıq müharibənin taleyini bəlli etmişdi:

“Biz Vətən müharibəsinə Kəlbəcər istiqamətində, Murov dağı yüksəkliyində qatılmışıq. Kəlbəcər coğrafi iqlim şəraitinə görə ən yüksək strateji bir yerdir. Füzuli və Cəbrayıl istiqamətində ermənilər düzənlik ərazilərdə 30 ilə yaxın fortifikasiya işləri (Qoşunların döyüş mövqelərini möhkəmlətmək, silahlı qüvvələri, mühüm obyektləri və əhalini qorumaq məqsədilə yaradılan müdafiə qurğuları) görmüşdülər. Bütün bunlara baxmayaraq Azərbaycan əsgəri “Ohanyan” deyilən səddi yararaq düşməni yerindəcə məhv etdi, strateji obyektləri ələ keçirdi. Bizim şəxsi heyətimiz də bu döyüşlərdə fərqləndiyinə görə təltif edildi”.

Xüsusi əməliyyat qrupunun komandiri

Ş.Ağayev daha sonra dedi ki, arxa cəbhədə xalqımızın bizə göstərdiyi mənəvi-psixoloji və maddi dəstək şəxsi heyətimizə əlavə güc verirdi. Ermənilərlə yaxın təmasda döyüşən xüsusi təyinatlılarımız düşmənin üzərinə daha qətiyyətlə gedərək onları məhv edirdi: “Biz Şuşaya noyabr ayının 1-də Daşaltının sağ və sol istiqamətindən bir xüsusi əməliyyat briqadası və onun tabeçiliyində olan üç xüsusi əməliyyat taboru, onların da tərkibində 10-12 nəfərlik qrup olmaqla 3 istiqamətdən daxil olduq. Mən orada xüsusi əməliyyat qrupunun komandiri kimi fəaliyyət göstərirdim. Bizim tapşırığımız Şuşa-Laçın yolunun Xankəndi istiqamətindən gələn düşmən qüvvəsinin qarşısını almaq idi. Biz Şuşaya qalxanda sursatımız bitmişdi, tank əleyhinə vasitələrimiz belə qalmamışdı. Şuşaya qalxanda yaralılarımızı da özümüzlə Şuşaya aparmışdıq. Şuşaya qalxmaq istəyən yaralılarımızın yüksək əhval-ruhiyyəsi bizim üçün çox qürurverici idi.

Komandir əlavə etdi ki, Şuşada yolu pusquda saxlayıblar. 3 gündən artıq  o yolda ac-susuz qalıblar. O, yeməyini, suyunu yaralılarla bölüşüb.  Şuşaya gələn təminat yolları bağlı olsa da, yaralıları psixoloji cəhətdən hər şeyin qaydasında olduğuna inandırıblar. Məhz bu mənəvi-psixoloji ruh yüksəkliyi sayəsində davam gətiriblər. Şuşa döyüşlərində qəhrəmanlıq göstərən döyüşçülərimizdən biri də rəhmətlik mayor Bəhruz Abuşov olub. Allah onun məqamını uca eləsin”.

Qazimiz  söyləyir ki, biz çox zaman torpaqlarımızın işğalının son 30 ilini xatırlayırıq. Amma 200 ildən artıqdır ki, Azərbaycan zəfər əldə etmirdi. 44 günlük Vətən müharibəsi həqiqətən Azərbaycanın şanlı tarixinə yazılmalıdır. Azərbaycan qüdrətli dövlətdir. Onun inkişaf etmiş güclü ordusu var. Bunu nəinki Ermənistan, Azərbaycanı istəməyən bir çox dövlətlər də gördü.

Şuşa fatehləri – görünməyən qəhrəmanlar

Qazimiz Şuşaya qalxdıqları o çətin anları xatırlayır. Deyir ki, biz yüksək dağlardan, sıx meşəlik və çətin relyefli ərazilərdən qalxırdıq. Şəxsi heyətimiz lazım olan mövqeləri ələ keçirərək düşmənin 10-a yaxın tankını və zirehli texnikasını məhv etmişdi. Biz yüksəklikdə yerləşən və döyüşçülərimizə pusqu quran erməni postlarını yerindəcə zərərsizləşdirərək həmin əraziləri öz nəzarətimizə götürürdük. Şuşanın işğaldan azad edilməsi noyabr ayına təsadüf etdi. Adətən noyabrda Şuşada hava çox soyuq olur. Amma elə bil, təbiət də xalqımızın haqq işinə dəstək verirdi. Millətimizin xeyir-duası daim bizim köməyimiz idi. Orada günlərlə ac-susuz qalsaq da, bu bizə o qədər də təsir etmirdi. Çünki hər kəsin qəlbində Vətən sevgisi var idi. Qarabağı, Şuşanı və bütün torpaqlarımızı işğaldan azad etmək sevgisi bütün Azərbaycan xalqında yüksək səviyyədə idi. Bu müharibədə hamı üçün hər şeydən irəli Vətən idi. Ali Baş Komandanın apardığı düzgün siyasətlə xalqımızın ölkə rəhbərliyinə inamı vəhdət təşkil etdiyi üçün bu gün biz qalib xalqıq.

Vətən müharibəsində müstəsna xidməti olan “Yaşma”-nı bütün dünya tanıyır. Amma Xüsusi Təyinatlı Qüvvələrin şərəfli əsgər və zabitlərinin əksəriyyətini xalq tanımır. Çünki “Sədaqətimiz şərəfimizdir” şüarına sadiq qalan Xüsusi Təyinatlılar görünməyən qəhrəmanlardır...

“Noyabrın 7-də ermənilər Xankəndi istiqamətindən aşırım boyu 200-ə yaxın texnika ilə gecə vaxtı üzərimizə hücum imitasiyası yaratmaqla bizi qorxutmağa cəhd göstərdilər. Biz Xankəndi aşırımından üzərimizə doğru gələn o texnikaları görürdük. Həmin vaxt yenə də öz mövqeyimizdən geri çəkilmədik. Bizim ən ağır silahımız 7,62 kalibrli Kalaşnikov pulemyotu olub. Biz kiçik silahlarla düşmən tankının qarşısında durmuşduq. Şuşaya əlavə qüvvə və təminat gəlməsəydi belə biz oradan çıxmayacaqdıq. Sonuncu döyüşçü qalana qədər vuruşacağımıza and içmişdik”.

Qazimiz deyir ki, ermənilərin alınmaz qala saydıqları Hadrut oktyabrın 9-da işğaldan azad edilib. Düşmən nə qədər güclü olsa da onların qarşısında kimin dayandığını hiss edirdi. Biz gecə vaxtı səssiz hərəkət edirdik. Orada 10 gün ağır döyüşlər getdi.

Biz canlı şəhidlərik

Ş.Ağayev deyir ki, xalqımızın orduya dəstəyini sözlə ifadə etmək mümkün deyil. Öz təqaüdünü Orduya yardım fonduna keçirən insanlarımızı görəndə bu millətin böyüklüyünə qibtə edirsən. “Mənim komandiri olduğum qrup da şəhidlər verib. Allah hamısına rəhmət eləsin. Hamısının ailəsi qarşısında baş əyirəm. Amma biz də canlı şəhidlərik. Almanların gözəl deyimi var: “Müharibədən heç kim sağ qayıtmır. Biri cismən ölür, biri ruhən”. Şəhidlər heç zaman ölmür. Şəhidlər o zaman ölər ki, xalq və yaxınları onları unutsunlar. Mən əminəm ki, gələcək nəsillər də şəhidlərimizi xatırlayacaq. “Mürəkkəb relyefli şəraitdə keçdiyimiz təlimlər sayəsində biz Qarabağ döyüşlərində çətinliklərin öhdəsindən asanlıqla gələ bildik. Şəxsi heyətimiz kifayət qədər bilikli, təcrübəli və bacarıqlı idi. Əsgərlərimiz olduqca yüksək əhval-ruhiyyədə döyüşürdülər. Cəbrayıl istiqamətində döyüş vaxtı əsgərimiz Firdovsi Tahirov minaya düşərək əlini və ayağını itirdi. Təbii ki, döyüş yoldaşları onu bu vəziyyətdə qoyub döyüşə davam edə bilməzdilər. Əsgərə ilk tibbi yardım göstərilməsinə baxmayaraq Firdovsi Tahirov şəxsi heyətimizin gözündən yayınaraq silahı ilə özünü vurdu. Bunu ona görə etdi ki, döyüşçülərin irəli getməsinə mane olmasın. Bu xəbər döyüş yoldaşlarımızda qeyri-adi hisslər yaratdı, bizi qələbəyə daha da ruhlandırdı”.

Qazimiz onu da əlavə etdi ki, Vətən sərhəddən, vətənpərvərlik isə ailədən və məktəbdən başlayır. Allah bütün müəllimlərimizə cansağlığı versin. Bu gün birimiz şəhid oluruqsa, minimiz dirilirik.

Qələmin mürəkkəbi – Şəhidlərimizin qanı oldu

Tarixi şəhidlərimiz, qazilərimiz öz qanları ilə yazdı. Şəhidlərimizin axıdılmış qanı bizim ədiblərimizin, şairlərimizin qələminin mürəkkəbi oldu, deyir qazimiz. İkinci Qarabağ müharibəsindəki qələbə Azərbaycanın Türk dünyasına bəxş etdiyi şanlı zəfərdir. Biz hamımız şəhid ola bilməzdik. Şəhidlərimizin qəhrəmanlıqlarını biz dilə gətiririk, onları qəlbimizdə yaşadırıq. Biz övladlarımızı da bu ruhda yetişdiririk.

“Bu gün Xüsusi Təyinatlı Qüvvələrdə işləyən hər kəs mənim fikrimcə, qəhrəmandır. Bizim şəxsi heyət sırf döyüşə hazırlaşırdı. Biz Qarabağın alınması üçün əlimizdən gələn hər şeyi etdik”.

Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə qazimiz kapitan Şamxal Ağayev “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları və “Qarabağ” ordeni ilə təltif olunub.

Mina RƏŞİD

Oxşar xəbərlər