22.11.2024, 09:54
AZ EN
16.11.2022, 10:30 511

Beynəlxalq Tolerantlıq Günüdür

XƏBƏRLƏR
  • 16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür. Bu əlamətdar gün 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib. Beynəlxalq Tolerantlıq Gününün təsis olunmasının səbəbi xüsusən son onilliklərdə dünyanın müxtəlif yerlərində milli və dini zəmində baş verən qarşıdurmaların daha da dərinləşməsi olub. Belə ki, müasir dövrümüzün acı həqiqətlərindən biri də odur ki, heç də hər kəs birgə yaşadığı digər millətin mədəniyyətinə, dininə və digər mənəvi dəyərinə hörmət etmək istəmir. Bunun da nəticəsində toqquşmalara, savaşlara gətirib çıxaran qanlı hadisələr baş verir.

Azərbaycanda isə vəziyyət fərqlidir. Ölkəmizi fərqləndirən cəhət ilk növbədə ondan ibarətdir ki, tarix boyu bu coğrafiyada yaşayan bütün dinlərin və etnosların təmsilçiləri bir-birlərinin mədəni və mənəvi baxışlarına sayğı göstəriblər. Azərbaycanda tolerantlıq ənənəsinin əsası hələ qədim dövrlərdən qoyulub. Çünki tarixin ilkin dönəmlərindən başlayaraq bizdə hər zaman başqa xalqlara və dinlərə sayğı göstərilib.

Bu münasibət müasir zamanda daha da dərinləşib.Təsadüfi deyil ki, Azərbaycanda tolerantlığın tam təmin olunması faktı dəfələrlə müxtəlif beynəlxalq təşkilatların hesabatında öz əksini tapıb.

Azərbaycan üçün son illərin ən böyük tarixi reallıqlarından biri də ölkəmizin beynəlxalq tədbirlər məkanına çevrilməsidir. Bu tədbirlərin bir qisminin mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa həsr olunması xüsusilə diqqəti çəkir. Buna görə də, dünya Azərbaycanı tolerant ölkə kimi tanıyır və ölkəmizdə bu sahədə mövcud olan ənənələri nümunə kimi qəbul edir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün bir sıra ölkələrdə şahidi olduğumuz mürəkkəb etno-siyasi proseslər, dinin siyasi ambisiyalara alət edilməsi cəhdləri, radikalizm və ekstremizmin artması göstərir ki, sülh və əmin-amanlıq axtarışında olan dünyamızda multikulturalizmin alternativi olmadığı kimi, müxtəlif dinlər və məzhəblər arasında dostluq və dözümlülük münasibətlərinin də alternativi yoxdur.

Qeyd edək ki, Azərbaycandakı tolerantlıq mühitinin inkişafında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də öz səlahiyyətləri çərçivəsində müəyyən işləri həyata keçirir. Komitə fəaliyyəti ilə dini konfessiyalar arasında əlaqələrin dərinləşməsinə, qarşılıqlı hörmət, anlaşma və dözümlülük mühitinin möhkəmlənməsinə fəal dəstək verir.

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR