O, ailənin yeganə oğul övladı idi, nişanlıydı. Amma Vətənini hər kəsdən, canından da, çox sevirmiş Cəbrayıl. Ata-anasına da belə söyləyib. Nənəsi ona nişanlı olduğunu xatırladanda, “Torpaq da namusumuz, qeyrətimizdir, oğul Vətəni qorumaq üçün doğulur, Vətənin dar günündə kişi gizlənməz”, - deyib... Bu gün oğul həsrətiylə nə qədər pərişan olsalar da, doğmaları, yaxınları onunla qürur duyurlar. ”Oğlum mənim yarımçıq qoyduğum işi tamamlayaraq şəhid oldu. Bütün şəhid valideynlərinə başınızı dik tutun, Vətən sağ olsun”, - deyən şəhidin atası Baloğlan kişi özü də Birinci Qarabağ Müharibəsi iştirakçısıdır.
Cəbrayıl Baloğlan oğlu Qasımov 1996-cı il iyulun 19-da Masallı rayonunun Ərəb kəndində anadan olub. 2002-2013-cü illərdə Rafiq Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbində təhsil alıb. 2014-cü ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. O, Silahlı Qüvvələrin Tərtər rayonunda, “N” saylı hərbi hissəsində rabitəçi kimi xidmət edib. 2016-cı ilin yanvar ayında ordu sıralarından tərxis olunub. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Vətən Müharibəsində Cəbrayıl könüllü olaraq döyüşlərə qatılıb. O, hərbi əməliyyatlarda igid bir əsgər kimi şücaətlər göstərib. Oktyabrın 8-də Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən qanlı döyüşlərdə son nəfəsinədək vuruşaraq qəhrəmancasına şəhid olub. 9 oktyabr 2020-ci il tarixdə doğulduğu Ərəb kənd qəbiristanlığında böyük el məhəbbəti ilə torpağa tapşırılıb.
Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin dediyi kimi, qələbəmizin birinci qəhrəmanı Azərbaycan əsgəridir...
Prezidenti İlham Əliyevin Sərəncamı ilə Cəbrayıl Qasımov ölümündən sonra "Vətən uğrunda", “Qubadlının azad olunmasına görə”medalları ilə təltif edilib.
Şəhidimizin ruhu şad olsun, məzarı nurla dolsun...
Mina RƏŞİD