Ata-baba yurdu, doğma Xocalıya yenidən qovuşduğu üçün Zülfü Muradov hər gün Allaha şükür edir. Deyir ki, burada yenidən yaşadığıma görə fəxr edirəm: “Xocalıda evimi 1985-ci ildə tikmişdim. Dövlətimiz sağ olsun, evimi təmir etdirdi. İndi öz evimdə çox yaxşı yaşayıram. Xocalıya gəldiyimin artıq iki ili tamam olacaq. Axı necə bu torpağa qayıtmayasan... Gör neçə şəhidimiz var. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin, Müzəffər Ali Baş Komandanımız, Prezidentimiz sağ olsun. Bütün dünya tanıdı ki, Azərbaycan xalqı necə qəhrəman bir xalqdır. Arzum budur, bir də bu torpaqlarda müharibə olmasın”.
Zülfü Muradov sürücüdür, hazırda oğlu ilə birgə “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Departamentində çalışır. O, deyir ki, Xocalıya köçəndən hələ bircə gün də başqa yerdə gecələməyib: “1992-ci ilə qədər Xocalıda yaşamışam. Sonra məlum hadisələrlə bağlı köçkün düşmüşük. Əvvəl Naftalanda, sonra Goranboyda məskunlaşmışdıq. 2024-cü il mayın 28-də Xocalıya ilk köçən sakinlərdən biri kimi özümü xoşbəxt hesab edirəm...”
Söhbətləşdi: Mina RƏŞİD