Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələri və Ağdaban kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda Şəhid olan, vətən övladlarının, faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına ehtiramlarını bildiriblər.
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək bildirib ki, Kəlbəcərin işğalından bir il əvvəl Ermənistan silahlı birləşmələri tərəfindən törədilən Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biridir. Bu hadisə Azərbaycanın gözəl guşəsi olan Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni separatçılarının “Böyük Ermənistan” yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırım faktıdır. Bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insanı işgəncələr verilməsi, yurdundan didərgin salınması ilə müşayiət olunan insanlıq əleyhinə ən böyük cinayətdir. Ermənilər təkcə Ağdabanda insanlara divan tutmayıblar, onlar tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyərətgah və məzarlıqlar təhqir olunub və məhv edilib. Erməni separatçılarının Azərbaycan mədəni irsinə qarşı törətdikləri vandallığın davamı kimi, Azərbaycanın klassik aşıq şeirinin ustadı şair Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılıb və talan olunub. Şükür olsun ki, bu gün Qarabağımız, o cümlədən Kəlbəcərimiz azaddır və faicə qurbanlarının qisasını mənfur düşmənlərdən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və onun rəşadətli ordusu alıb.Bu gün ağdabanlılar Ağdaban kəndində faciə qurbanlarını yad edirlər.
Daha sonra çıxış edən natiqlər YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov və Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov vurğulayıb ki, Ağdaban kəndində törədilən faciə, əslində, bir günün hadisəsi deyil, iki yüz ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi.
Ağdaban faciəsi Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalıda, Goranboy rayonunun Ballıqaya kəndində və digər yerlərdə azərbaycanlı əhalini kompakt şəkildə məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir. Bu qətliam zamanı beynəlxalq humanitar hüquq normaları kobud şəkildə pozulub.
Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.
2020-ci ilin Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etməsi ilə ermənilərin xalqımıza qarşı törətdiyi bütün qətliamların qurbanları kimi, Ağdaban şəhidlərinin də qisası alınıb və bu gün onların ruhları şaddır.
Eyni zamanda hadisə şahidləri Kərimov Mərdan Şahmalı oğlu və Mamedova Sənubər Zeynalabidin qızı bildirib ki, bu gün hər bir azərbaycanlı kimi onlarda şaddırlar, doğmalarının qisaslarını aldıqlarına görə dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevə, onun məğrur ordusuna və şəhidlərimizə minnətdardırlar.
Tədbir iştirakçıları Ağdaban faciəsinin bütün bəşəriyyətə və insanlığa qarşı soyqırım kimi qiymətləndirmiş və bu soyqırım həqiqətlərini gənclərimizə çatdırılmasının vacibliyini vurğulamışlar.