Bunu Kəlbəcər rayon Ağdaban kənd sakini Rafiq Məhərrəmov İTV-nin “Sabahın xeyir” verilişində danışıb. O, Ağdabanda baş verən faciədə şahidi olduqlarını xatırlayaraq əlavə edir: "Övladı qoca anası ilə birgə ot tayasına atıb yandırırdılar. Evin qapısını açıb çıxa bilməyən qoca, xəstə, çarəsiz insanları elə evin içində yandırırdılar, körpələri məhv edirdilər".
Rafiq Məhərrəmov bildirib ki, onun əmisi oğlu Camalı da qucağında 5 yaşlı qızı qaçarkən yolda öldürülüb: "Ermənilər rayondan Ağdabana gələn yolda meşədə yolu kəsiblər və pusqu qurublar ki, kəndə köməyə gələnləri məhv etsinlər. 8 nəfəri də yolda bu cür öldürmüşdülər. Sonra biz kənardan, meşədən geri baxanda gördük ki, kənd elə dəhşətlə yanır ki, camaat hansı tərəfə üz tutacağını bilmir".
Kəndin digər sakini Nəsib Səfərov isə həmin günü belə xatırlayarkən deyir ki, ermənilər Xocalıda törətdiyi əməlləri Ağdabanda təkrarlayıb: "Düşmən kəndi əvvəlcədən tamamilə mühasirəyə almışdı. Biz hadisədən duyuq düşəndə artıq onlar bütün yüksəklikləri ələ keçirmişdilər. Kəndin ancaq aşağısından bircə çıxış yolu var idi ki, döyüşçülərimiz adamları həmin istiqamətə yönəltməyə çalışırdılar... Çox şiddətli atışma gedirdi. Düşmən güclü texnika ilə silahlanmışdı. 6 zirehli texnikanı gördük. Onların içində BMP, BDM vardı..."
Dünya birliyi bu haqsızlığa göz yumduğu üçün düşmən daha da azğınlaşırdı. Kəlbəcərin digər yaşayış yerlərinə də hücum edir, dinc sakinləri qırırdılar. Kəlbəcərin Ağdərə istiqamətində yüksək dağlıq ərazidə yerləşən Ağdabanın hərbi coğrafi mövqeyi də düşməni digər yaşayış məntəqələrimizin işğalına həvəsləndirirdi.
Ağdabanlılar deyirlər ki, faciə zamanı itirdiklərini geri qaytarmaq mümkün olmasa da, doğma yurdun işğaldan azad edilməsi, Ağdabana yenidən qovuşmaq onlar üçün ən böyük təsəlli və qürurdur.
Xatırladaq ki, bu gün Ağdaban faciəsindən 34 il ötür. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni silahlı qruplaşmaları Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum edib. Erməni quldur dəstələri Ağdabanda 130 evi tamamilə yandırıb, kəndin 779 dinc sakini öldürülüb, onlardan 32 nəfəri isə xüsusi amansızlıqla qətlə yetirilib, 2 nəfər itkin düşüb, 5 nəfər girov götürülüb.
Hazırladı: Mina RƏŞİD