16.02.2026, 19:36
AZ EN
16.02.2026, 17:48 16

"Murovdağ əməliyyatı": 32 il sonra xatırlananlar

XƏBƏRLƏR
  • Fevralın 15-də Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin Abşeron Rayon Təşkilatının ofisində “Kəlbəcər batalyonu” kimi tanınan 712 saylı taborun şəhidlərinin anım mərasimi keçirilib. 701 saylı hərbi hissənin 3-cü (keçmiş 712) taborunun şəxsi heyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə həmin taborun döyüşçüləri, veteranlar və şəhid ailələrinin üzvləri iştirak edib.

“Vətən səsi” xəbər verir ki, mərasimdə torpaqlarımızın azadlığı və müdafiəsi uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Kəlbəcər filialının sədri, keçmiş tabor komandiri Balay Nəsibov yığıncağın məqsəd və məramlarından danışıb. O, əvvəlcə “Murovdağ əməliyyatı”nın 32-ci ildönümü ərəfəsində sosial şəbəkələrdə həmin döyüşlərin acı nətiləri barədə doğru olmayan məlumatların yayıldığına diqqət çəkib.

Balay Nəsibov bildirib ki, 1993-cü il dekabrın 29-dan başlayan “Murovdağ əməliyyatı” qısa fasilələrlə təxminən iki ay – 1994-cü il fevralın 14-dək davam edib. Həmin müddətdə Azərbaycanın qeyrətli oğulları Kəlbəcəri düşmən tapdağından azat etmək üçün Murovun zirvəsinə yürüş edərək rayonun 30 faizinə qədərini işğaldan azad edib. Lakin qışın ən sərt çağlarında aparılan döyüş əməliyyatları uğursuzluğa düçar olub: “Çox təəssüf ki, illərdi sosial şəbəkələrdə "Murovdağ qış" əməliyyatı kimi tarixə düşən itgimiz haqda şişirtmə rəqəmlər hələ də davam etməkdədir. Aidiyyəti üzrə bu yanlış rəqəmlərə son qoyulması məqsədə uyğun olardı”.

Keçmiş komandir bu məsələ ilə əlaqədar dövlət komissiyasının statistik hesablamalarını diqqətə çatdırıb. Onun sözlərinə görə, Murovdağ əməliyyatı zamanı Azərbaycan ordusunun 140 hərbi qulluqçu şəhid olub, 111 nəfər itkin düşüb, 1337 nəfər müxtəlif dərəcəli donvurma xəsarətləri alıb. Həmin əməliyyat zamanı dövlətə 1 milyon 495 min ABŞ dolları məbləğində ziyan dəyib.

Balay Nəsibov deyib ki, “Murovdağ əməliyyatı” zamanı döyüş tapşırıqları yerinə yetirilərkən 1337 nəfər müxtəlif dərəcəli donvurma xəsarətlərinə görə hərbi və mülki xəstəxanalara yerləşdirilib. Sonradan isə briqadanın sağ qalan şəxsi heyəti Seyfəli poliqonu yaxınlığındakı hərbi hissədə komplektləşdirilərək Füzuli istiqamətinmdə döyüşlərə cəlb olunub: “Mənim komandiri olduğum 3-cü tabor (“Kəlbəcər batalyonu” adlandırılan keçmiş 712 saylı əlahiddə motoatıcı tabor) həmin döyüşlərdə 32 şəhid vermişdi. Bundan əvvəl – 1992-ci ildə Ağdərə rayonunun Qozlu kəndinin işğaldan azad eilməsi zamanı bizim tabordan 10 nəfər şəhid olmuşdu. Kəlbəcərin işğalı zamanı mühasirədə qalan 3 zastavanını əsgərləri geri çəkilərkən “Meydançay” ətrafında ağır döyüşlər baş vermiş və 12 əsgərimiz həyatını itirmişdi”.

Balay Nəsibov vurğulayıb ki, 701 saylı hərbi hissənin 3-cü (keçmiş 712) taborunun 1992-1994-cü illərdə ümumi itkilərinin də sayını açıqlayıb. O, qeyd edib ki, 1992-ci ildən 1994-cü il 12 may tarixli atəşəşkəs razılaşmasına qədər taborun 69 əsgər və çavuşu, 7 zabiti və 1 giziri şəhid olub. O cümlədən 26 nəfər hələ də itkin hesab olunur ki, onlardan ikisinin - Əliyev Ədalət Veysəl oğlu (Çorman kəndi) və Mustafayev Möhübbət Qənimət oğlunin (Soyuqbulaq kəndi) nəşi ötən il tapılaraq Tərtər rayonunda torpağa tapşırılıb.

Anım mərasimində 712-ci taborun keçmiş komandiri, istefada olan polkovnik-leytenant Zəfər Yaqubov, həmin taborun maliyyə xidməti rəisi, kapitan Mayıl Adilov, tağım komandiri, baş leytenant Əhəd İsmayılov və başqaları Birinci Qarabağ müharibəsi dövründə müxtəlif istiqamətlərdə həyata keçirilən döyüş əməliyyatları barədə xatirələrini bölüşüblər. O da qeyd olunub ki, 701 saylı hərbi hissənin 3-cü (keçmiş 712) taborunun şəxsi heyəti fevralın 15-ni şəhid silahdaşlarının anım günü kimi qeyd edir və bu, ənənəvi olaraq hər il davam edəcək.

Elxan SALAHOV

Oxşar xəbərlər