Bu əlamətdar hadisə münasibətilə fevral ayının 3-də Çuvaş Respublikasının Mədəniyyət Sarayında təntənəli açılış törəni keçirilib. Çuvaş Respublikasının rəhbəri Oleq Nikolayevin iştirakı ilə keçirilən törəndə respublikada fəaliyyət göstərən milli-mədəni birliklərin nümayəndələri, ictimai xadimlər, gənclər və media təmsilçiləri iştirak edib.
Tədbirdə çıxış edən “Çuvaş–Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyəti”nin sədri Aqil Əliyev Çuvaş Respublikasında yaşayan bütün xalqları “Xalqlar Dostluğu İli” münasibətilə təbrik edib, onlara barış, sabitlik və qarşılıqlı güvənə əsaslanan birgəyaşayış arzulayıb. O, Azərbaycan xalqının multikultural dəyərlərə verdiyi önəmi vurğulayaraq, xalqlar arasında mədəni dialoqun və humanitar əməkdaşlığın regional sabitlik üçün önəm daşıdığını vurğulayıb.
Törən çərçivəsində milli-mədəni birliklərin fəalları tərəfindən Azərbaycan xalqının tarixini, mədəniyyətini və zəngin irsini əks etdirən albomlar, kitablar və milli mədəniyyət örnəklərindən ibarət sərgi təşkil olunub. Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və xalqlar arasında mədəni yaxınlaşmanın bariz örnəyi kimi dəyərləndirilib.
Humanitar əməkdaşlıq, mədəni müxtəlifliyin qorunması və xalqlar arasında qarşılıqlı sayğı prinsipləri ölkələrarası münasibətlərin önəmli tərkib hissəsi olaraq, regionda barış, güvən və sabitliyin möhkəmlənməsinə xidmət edir.
Qeyd edək ki, Aqil Müzəffər oğlu Əliyev (şəkildə sağdan birinci) əslən Ağdam rayonunun Seyidli kəndindəndir. 30 ildən artıqdır ki, Çuvaşiyada yaşayır və işləyir.