19.10.2024, 10:30
AZ EN
03.11.2022, 11:19 705

Göyçəmin qoxusu gəlir

XƏBƏRLƏR

Zülfüqarova Xatirə Ziyad qızı 1974-cü ildə Göyçə mahalının Cil kəndində anadan olub. 1988-ci ildə erməni vəhşiliyi nəticəsində öz doğma Vətənindən depordasiya olunub. 1991-ci ildə Daşkəsən rayonu Quşçu kənd Əli İsmayılov adına orta məktəbi bitirib. Hazırda Daşkəsən rayonunda yaşayır. Ailəlidir, 3 uşağı var.

Vətənpərvərlik mövzusunda yzdığı şeirləri sevilərək oxunur. Bir neçə şeirinə mahnı həsr olunub.

 

Göyçənin qoxusu gəldi

 

Vətən ətri duydum əsən mehindən,

Bu kənddən Göyçəmin qoxusu gəldi.

Öpdü tellərimi hər qarışında,

Bu kənddən Göyçəmin qoxusu gəldi.

 

Aldı yedəyinə küləklər məni,

Bələdi şehinə çiçəklər məni,

Boğdu, dara çəkdi istəklər məni,

Bu kənddən Göyçəmin qoxusu gəldi.

 

Neçə gədik aşdım, neçə yal aşdım,

Hər çığır başında kola dolaşdım,

Dərədə su gördüm, bulağa qaçdım,

Bu kənddən Göyçəmin qoxusu gəldi.

 

Yalçın qayalarda qartal süzürdü,

Quşlar budaq-budaq yuva gəzirdi,

Gördüm, göz yaşların ipə düzürdü,

Bu kənddən Göyçəmin qoxusu gəldi.

 

Bir az qulaq verdim kəklik səsinə,

Bülbül nəğməsinə, gül nəfəsinə,

Yamaclar bəzənib yaz həvəsinə,

Bu kənddən Göyçəmin qoxusu gəldi.

 

Zəhmətkeş eli var, təmiz ürəkli,

Dost üçün süfrəsi açıq çörəkli,

Yolları, çığırı daşlı, kəsəkli,

Bu kənddən Göyçəmin qoxusu gəldi

 

Xatirə, səbr elə, düyün açılar,

Dumanlı yollara günəş saçılar,

Ana nəfəsində bitər acılar.

Bu kənddən Göyçəmin qoxusu gəldi.

 

Sarı simdə bir ocaq çat, ay Çimnaz

 

Sarı simdə bir ocaq çat, ay Çimnaz,

Sinəmizin qürbət buzu ərisin.

“Göyçəgölü” havasına lal olub,

Həsrətimin ah-naləsi kirisin.

 

“Sarıtel”lə qov köksümdən bu qəmi,

Səslə, gülüm, səslə, Ulu Göyçəmi,

Qəriblərin şələsindən sitəmi,

Vətən odu, tüstüsünə bürünsün.

 

Gəl, qələmlə, sazı birgə dindirək,

Yanğısında dərdimizi söndürək,

Göz yaşını bulaqlara döndərək,

Leysan töküb kəm-kədəri kürüsün.

 

Nə vaxtadək qorla gəzsin bu ürək,

El-obadan əlin üzsün bu ürək,

Ayrılığa necə dözsün bu ürək?

Nisgilləri məzarımı sürüsün!

 

 

Qaytardılar Qarabağı

 

Sinəsi sipər oğullar,

Qəlbində təpər oğullar,

Düşmənə çəpər oğullar!

Qanla yudular torpağı,

Qaytardılar Qarabağı!

 

Şimşək-şimşək od çaxdılar,

Qayalardan dik qalxdılar,

Keçilməyən səd yıxdılar,

Dağ üstündən çəkib dağı,

Qaytardılar Qarabağı!

 

Biri “Əziz anam”!-dedi,

Biri “Eşqim-sevdam!-dedi,

Biri “Cənnət dünyam!”-dedi,

Açıb ölümə qucağı,

Qaytardılar Qarabağı!

 

 

Nəfəsinə can verdilər,

Yaşatmağa qan verdilər,

Şərəfinə şan verdilər,

Öpə-öpə al bayrağı,

Qaytardılıar Qarabağı!

 

Neçə cəsur ər qəhrəman,

Qurd ürəkli nər qəhrəman,

İgid, cəgavər qəhrəman,

Yandırıb sönən ocağı,

Qaytardılar Qarabağı!

 

Azad yurdda doğdu Günəş,

Qığılcımdan qopdu atəş,

Turan ellərə düşdü səs,

Zəfər, qələbə sorağı,

Qaytardılar Qarabağı!

 

 

İşıq sacıldı zülmətə,

Son qoyuldu qəm-həsrətə,

Taxt ucaldıb şəhadətə,

Oldular cənnət çırağı,

Qaytardılıar Qarabağı.

 

XTQ-ın giziri, kəşfiyyatçı şəhid Şəhriyar

Abdullayevin əziz xatirəsinə

 

Poladdan bir dağdı, vüqardan qala,

Əyilib sınmazdı, tufanlar ola.

Vətən sevdasıyla çıxmışdı yola,

Qələbə əzmiylə vermişdi qərar,

İgid kəşfiyyatçı şəhid Şəhriyar!

 

Tək andı Vətəndi, içdi söz andı,

Heç vaxt dönmədiyi doğru, düz andı,

Kişilik məktəbi onun öz andı,

Dərs verdi tarixə, nə qədər dərs var,

İgid kəşfiyyatçı şəhid Şəhriyar!

 

Xocalı qisası, yurdun həsrəti,

Artırdı düşmənə kini, nifrəti,

Dedi: “İntiqamsız dönmərəm qəti,

Nahaq axıdılan qanı qan yuyar”!

İgid kəşfiyyatçı şəhid Şəhriyar!

 

Keçilməz sədləri məğrur cəngavər,

Yardı hünəriylə səngərbəsəngər,

İlk Lələtəpədə çalınca Zəfər,

İgid kəşfiyayatçı, şəhid Şəhriyar!

 

Hazırladı: Tahirə AĞAMİRZƏ

 

Oxşar xəbərlər