27.01.2026, 12:25
AZ EN
27.01.2026, 09:28 191

Üç bacının igid qardaşı

XƏBƏRLƏR
  • Anası Əfruzə xanım deyir ki, Murad evimizin son beşiyi olub. Gülərüz, mehriban, xoşxasiyyət bir oğul idi. Sentyabr ayının 21-də xəstəxanaya getmişdim, evə gələndə eşitdim ki, Muradı təlimə çağırıblar. Sonra öyrəndik ki, Füzuli istiqamətində döyüşə yollanıb. Hər gün bizimlə əlaqə saxlayardı...

Murad üç bacının yeganə qardaşı idi. Atasını 10 yaşında itirmişdi. Bacısı deyir ki, Murad mərd oğul idi. Döyüş yoldaşları deyirlər ki, o, həmişə anasından və bizdən nigaran idi. Murad itkin düşəndə yoldaşları onun şəhadətinə inanmayıblar. Çünki Muradı çox cəsur, cəsarətli, çevik bir əsgər kimi tanıyırdılar.

Bu gün şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Murad Teymurşah oğlu Məmmədlinin doğum günüdür. O, 27 yanvar 1996-cı ildə Bakı şəhəri, Biləcəri qəsəbəsində dünyaya göz açıb. 144 nömrəli tam orta məktəbdə təhsilinə başlayıb. 2012-ci ildə Azərbaycan Dövlət Dəmir Yolu Liseyinə qəbul olunub. İxtisasca maşinist idi. Muradın ən böyük arzularından biri ixtisası üzrə ali təhsil alıb, metropolitendə maşinist işləmək idi. 2014-cü ildə həqiqi hərbi xidmətə yollanıb və 2016-ci ildə hərbi xidmətini layiqincə başa vurub.
Azərbaycan Ordusunun əsgəri olan Murad Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə könüllü yollanıb. Füzuli-Qubadlı istiqamətində gedən döyüşlərdə mərdliklə vuruşub.

21 Oktyabr 2020-ci ildə Şuşa istiqamətində qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz Biləcəri qəsəbəsində Şəhidlər Xiyabanında böyük izdihamla torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Məmmədli Murad Teymurşah oğlu ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər