Bu gün Vətən müharibəsi şəhidi Fərzəliyev Samir Vaqif oğlunun doğum günüdür. O, 1996-cı il dekabr ayının 8-də Ağdam rayonunun Quzanlı kəndində sadə bir ailədə anadan olub. Samir əslən Ağdam rayonunun Qiyaslı kəndindəndir. 2002-2011-ci illərdə Quzanlı kənd tam orta məktəbində təhsil alıb. 2015-ci ilin aprelində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. 2016-cı ilin oktyabr ayında Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun sıralarında, Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissədə hərbi xidmətini başa vurub. Bundan sonra Samir bir neçə il mülki əmək fəaliyyəti ilə məşğul olub. Ancaq hərbçi olmaq arzusu 2020-ci ildə onu Vətənə müddətdən artıq həqiqi hərbi xidmət etmək üçün orduya gətirib.
Azərbaycan Ordusunun əsgəri Samir Fərzəliyev 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak edib. O, Vətən müharibəsinin ilk dəqiqələrindən döyüşlərə atılıb, mərdliklə vuruşub və Ağdərə istiqamətində gedən ağır döyüşlər zamanı qəhrəmanlıqla şəhid olub.
Şəhidimiz 2020-ci il oktyabr ayının 15-də Ağdam rayonunun Quzanlı kəndində Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Doğma Ağdamda şəhidimizin adına bulaq kompleksi də inşa edilib.
Cənnətdəki doğum günün mübarək, Samir balamız!
Mina RƏŞİD