Samirə Ələkbərova açıqlamasında bildirib ki, tədqiqat işi dövlətin təhlükəsizlik siyasəti, dayanıqlı inkişaf strategiyaları və risklərin idarə olunması prinsipləri ilə tam uyğunluq təşkil edir. Araşdırmada işğaldan azad edilmiş ərazilərin iqtisadi-coğrafi potensialı, demoqrafik proseslər, regional planlaşdırılma və dayanıqlı inkişaf perspektivləri üzrə aktual məsələlər geniş şəkildə təhlil olunub. Tədqiqat çərçivəsində torpaq və su resursları, iqtisadi fəaliyyətlərin məkan üzrə paylanması, məşğulluq imkanları, sosial-iqtisadi strukturlar və əhalinin say dinamikası sistemli şəkildə araşdırılıb. Demoqrafik göstəricilər həm iqtisadi, həm də sosial planlaşdırılma baxımından əsas təhlil obyektləri kimi qiymətləndirilib: “Qarabağ və Şərqi Zəngəzurda kənd əhalisinin sayı üstünlük təşkil edir, məşğul əhalinin böyük hissəsi kənd və meşə təsərrüfatında çalışır ki, bu sahədə ən yüksək göstərici Bərdə rayonunda 48.6 min nəfər təşkil edir. Hazırda geri qayıdış ilə əlaqədar olaraq yeni təsərrüfat sahələri də inkişaf etdirilir, lakin kənd təsərrüfatı sənayeyə nisbətən daha irəlidədir. Təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin məşğulluqda payı 27.9 faiz təşkil edir”.
Tədqiqatçı alimin sözlərinə görə, araşdırmada, həmçinin məkan bərpası prosesində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının əhəmiyyəti vurğulanıb, əhalinin yerləşdirilməsi məsələlərinə strateji yanaşma təqdim edilib. Tədqiqat zamanı məkan-təhlil yanaşmaları və coğrafi informasiya sistemləri (CİS) texnologiyalarından istifadə olunub, peyk təsvirləri və məsafədən müşahidə üsulları vasitəsilə torpaq istifadəsi, ətraf mühit, demoqrafik inkişaf prosesləri və sosial-iqtisadi strukturlar qiymətləndirilib. Regional dayanıqlı potensial indeksi və strateji bərpa indeksi kimi kvantitativ göstəricilər əsasında məkan əsaslı bərpa və inkişaf prioritetləri müəyyən edilib.
Tədqiqat işində dövlət proqramları çərçivəsində həyata keçirilən infrastruktur layihələrin regionun iqtisadi-coğrafi və demoqrafik potensialının yenidən formalaşmasında mühüm rol oynadığı qeyd olunub. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə resurs potensialı, məşğulluq imkanları, əhalinin məkan bölgüsü, təbii fəlakət hadisələri, təbii-texnogen risk zonaları və təbii təhlükələr xəritələşdirilib. (AZƏRTAC)