2020-ci ilin 27 sentyabrı Rəşad Sultan üçün sadəcə Vətən müharibəsinin başladığı tarix deyil, həm də həyatının istiqamətinin dəyişdiyi gündür. Həmin gün o, Azərbaycan Silahlı Qüvvələrinin sıralarına çağırılaraq Ağdam rayonunda yerləşən N saylı hərbi hissədə “Tabur tibb məntəqəsi”nin rəisi vəzifəsində, tibb xidməti baş leytenantı rütbəsi ilə xidmətə başlayır.
Pənahəli xanın yadigarı olan Ağdam Rəşad müəllimin həm döyüş yolunun, həm də daxili aləmində xoş ovqatın başlandığı məkana çevrilir. Müharibə boyu Ağdamda xidmət edən Rəşad Sultan Baharlı, Sarıcalı, Mahrızlı, Zəngişalı, Qaradağlı kəndləri istiqamətində gedən döyüşlərin birbaşa iştirakçısı olur. Ön xətdə, mərmi səsləri altında yaralılara tibbi yardım göstərir, döyüş meydanından altı yaralını xilas edir, şəhidlərin çıxarılmasında yaxından iştirak edir.
Onun danışdıqları müharibənin təkcə silah və səngərdən ibarət olmadığını, insanın Vətənə baxışını kökündən dəyişən bir sınaq olduğunu açıq şəkildə göstərir:
“Bizdən soruşanda ki, Vətən nədir, mən deyərdim: Vətən döyüş yoldaşlarınla bərkə-boşa düşdüyün yerdir. Müharibənin ağır günlərini bir torpaqda yaşayanda, o torpaq sənin üçün artıq xəritədəki ad deyil, həyatının mənalı bir parçasına çevrilir. Qarabağ, Ağdam mənim üçün romantik bir hiss oyatdı.”
Rəşad Sultanın döyüşlərdəki fədakarlığı dövlət tərəfindən də yüksək qiymətləndirilib. Müharibənin sonunda ona “Tibbi xidməti kapitanı” rütbəsi verilib, Ali Baş Komandanın sərəncamı ilə “Ağdamın azad olunmasına görə” və “Müharibə iştirakçısı” medalları ilə təltif olunub.
2023-cü ildə Xankəndi şəhərinin antiterror tədbirləri nəticəsində işğaldan azad edilməsi isə Rəşad Sultanın uşaqlıqdan bəri içində yaşatdığı bir arzunu gerçəkləşdirir. İlk fürsətdə illərlə xəyalında canlandırdığı Xan yurduna üz tutur. Orada gördüyü mənzərə onu sözün əsl mənasında heyran edir:
“Xankəndini ilk dəfə görəndə, necə deyərlər, hayıl-mayıl oldum. Dağlar qoynunda füsunkar, kiçik bir şəhər… havası, romantikası ilə məni özünə bağladı. Dostlarıma dedim ki, adam burda yaşaya da bilər, işləyə də…”
Xalq arasında “deyilənlər gəldi başa” ifadəsi bu hekayədə tamam başqa məna qazanır. Çünki Rəşad Sultanın Xankəndi ilə bağlı qurduğu xəyal ildırım sürəti ilə reallığa çevrilir. Qarabağ Universitetinin yaradılması xəbəri yayılanda onun ağlından sadəcə bir xəyal keçir - bəlkə bu universitetdə tibb fakültəsi də olar. Bu xəyal nə məqsəd, nə də plan idi. Amma az sonra gerçəyə çevrilir.
Bu gün Rəşad Sultan Qarabağ Universitetinin Tibb fakültəsində müəllim kimi fəaliyyət göstərir. Bir zamanlar ön xətdə həyat xilas edən həkim indi auditoriyalarda yeni həkimlər, yeni Rəşadlar yetişdirir. O, müharibə ilə dəyişən həyat hekayəsini sevdiyi Xankəndidə davam etdirir - qürurlu, xoşbəxt və məsuliyyətli bir missiya ilə.
“Dərsə girəndə bu hisslərlə girirəm. Tibbi yardım, həkimlik etikası haqqında danışanda yaşadıqlarımı tələbələrlə bölüşmək mənim üçün həm məsuliyyətdir, həm də böyük şans.”
Bu hekayə təkcə bir insanın həyat yolu deyil. Bu, Vətənin azadlığı ilə insan taleyinin necə qovuşduğunun, müharibədən doğan qürurun elm və təhsillə necə davam etdiyinin canlı sübutudur.
Tahirə AĞAMİRZƏ