22.01.2026, 13:59
AZ EN
22.01.2026, 11:52 107

44 günə Hərbin, Zəfərin dilinə çevrilən Azərbaycan dilimiz

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycan dilinin, ədəbi dilin saflığının qorunması ilə bağlı mühüm məqamlara toxunmuşdu. Prezidentin çıxışı ictimaiyyət tərəfindən maraqla qarşılandı, aidiyyəti qurumlarda, televiziyalarda dilimizlə bağlı müzakirələrə, diskusiyalara daha geniş yer ayrılmağa başladı.

Bu günlərdə Xəzər televiziyasında “Xəbər ertəsi” verilişində də dilimizlə bağlı maraqlı bir söhbətin şahidi olduq. Verilişin qonağı Dilçilik İnstitutunun Monitorinq və Linqvistik Təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva idi. Sevinc xanım dilimizlə, bu sahədə olan problemlər və onlardan çıxış yolu ilə bağlı maraqlı məqamlara toxundu.

O, bildirdi ki, ölkə başçısı bu məsələyə hələ ötən il AMEA-nın 80 illik yığıncağında da toxunmuşdu. Prezidentin dilimizə olan münasibəti onun sərəncam və fərmanlarında da həmişə özünü göstərib. Prezident İlham Əliyevin dilimizlə bağlı müraciəti hamımıza aiddir. Yəni, bu sahədə hər kəs öz məsuliyyətini dərk etməli, dogma dilində səlis danışıb, yazmağı bacarmalıdı. Bu ilk növbədə bir vətəndaşlıq borcudu. Hər kəs öz sahəsində buna diqqət edərsə problem olmaz.  

Azərbaycan dilində cizgi filmləri yox dərəcəsindədir

Sevinc xanım bildirir ki, indi biz müasir dünyanın bir parçasıyıq. Buna görə də dilimizə yeni sözlərin daxil olması təbiidir. Ancaq alınma sözün öz dilimizdə qarşılığı varsa yabançı sözə ehtiyac yoxdur. Onsuz da dil canlı orqanizmdi. Ona lazım olmayan sözləri özündən uzaqlaşdırır. Bu sahədə televiziya, radio aparıcılarının da üzərinə böyük məsuliyyət düşür. Aparıcılar danışarkən ilk növbədə Azərbaycan dili mühitini yaradırlar. Sevinc xanım deyir ki, dilimiz gözəldi və zəngindi. Ancaq dogma dilimizdə cizgi filmlərimiz demək olar ki, yox dərəcəsindədir. Bundan əlavə, dərsliklərdə problemlər var. Müəllimlərin bəzən ədəbi dildə düzgün danışmaması da böyük qüsurlardandır. Bu sahədə valideynlərin üzərinə daha böyük məsuliyyət düşür. Axı uşaq evdə dil açır, evdə böyüyür. Əgər valideyn öz dilinə, tarixinə bağlıdırsa burada problem yoxdur. Cizgi filmlərimiz həm də mənəvi dəyərlərimizi uşaqlarımıza aşılamaqda böyük rol oynaya bilər. Ancaq uşaqlarımız bütün günü xarici dildə olan cizgi filmlərini izləyirlər. Onu bilməliyik ki, aparıcı, müəllim, valideyn necə danışırsa bizim uşaqlarımız, gənclərimiz də elə danışır.

Tərcüməçi bilməlidir ki, onun işi uğurlu olmalıdır  

“Xəbər ertəsi” verilişində dilimizə olan tərcümələrin çox vaxt bərbad vəziyyətdə olduğundan da danışıldı. Sevinc xanım bildirir ki, tərcüməçi tərcümə etdiyi dilin xüsusiyyətlərini, hətta lüğət tərkibini yaxşı bilmirsə gördüyü iş uğurlu olmur. Biz dublyaj filmlərinin monitorinqi zamanı da bir çox məsələlərin ortaya çıxdığını gördük. Burada nəinki yaxşı olmayan tərcümə, dilin özünə məxsus olmayan struktur konstruksiyalarına da rast gəldik. Tərcüməçi bilməlidi ki, onun ortaya gətirdiyi məhsul uğurlu olmalıdır və bu Azərbaycan oxucusu üçündür. Verilişdə vurğulandı ki, bu gün hamı problemdən danışır. Bəs əməli addımları kim atmalıdır? Yəni bu qədər müzakirələrin bir nəticəsi olmalıdır. Sevinc xanım bildirdi ki, təlimlərdə mütəxəsislər öz konkret sualları ilə çıxış etməlidirlər. Biz dilimizə daxil olan sözlər üçün narahat olmalıyıq...

Tənbəl nəsil necə danışırsa elə də yazacaq

Televiziya və radiolarımızda bəzən aparıcılar mənsub olduğu bölgənin  dilində danışırlar. Televiziya aparıcısı, məruzəçi, müəllim və başqaları mütləq ədəbi dildə danışmalıdırlar. Bəzən sözün kökünü dəyişirlər. Məsələn, “başlayacağıq” sözü başlıyacağıq” kimi deyilir. Sevinc xanım bildirdi ki, tənbəl nəsil necə danışırsa elə də yazacaq.

Qeyd edildi ki, Bakıda bir çox bahalı obyektlərin adı xarici dildədir. Deməli, biz ucqarlarda deyil, elə yaxınlıqda olan problemlərimizdən başlamalıyıq. Bir də görürsən böyük bir idarənin rəhbəri bir səhifəlik çıxışı üzündən, özü də çox çətinliklə oxuyur. Sevinc xanım deyir ki, əgər Prezident səlis danışırsa, deməli bütün məmurlar, kürsüdə olanların hamısı öz dilində səlis danışmağı bacarmalıdır. Çünki bu Qələbəmizin, Zəfərimizin dilidir. 44 günə hərbin, Zəfərin dilinə çevrilən Azərbaycan dilində düzgün, səlis danışmasaq qəbahət bizim özümüzdədi. Biz problemi kənarda axtarmamalıyıq. Aparıcı, tərcüməçi öz qüsurunu dilin üzərinə ata bilməz. Hər kəs ilk növbədə özündən başlamalı və bu işə öz töhfəsini verməlidir.

Mina RƏŞİD

Oxşar xəbərlər