14.11.2025, 06:01
AZ EN
24.10.2025, 10:23 215

Bu gün Birləşmiş Millətlər Təşkilatı Günüdür

XƏBƏRLƏR
  • Oktyabrın 24-ü Birləşmiş Millətlər Təşkilatı Günüdür. 1971-ci ildən Baş Assambleyanın tövsiyəsi ilə bu tarix bütün üzv ölkələrdə qeyd edilir. Birləşmiş Millətlər Təşkilatı - BMT (ing. United Nations Organization, UNO) 1945-ci il oktyabr ayının 24-də yaradılıb.

Qərargahı Nyu-York şəhərindədir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. BMT İkinci Dünya müharibəsindən sonra, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqqiyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılıb. BMT-nin Nizamnaməsi 1945-ci il iyul ayının 26-da San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalanıb və 1945-ci il oktyabr ayının 24-də qüvvəyə minib.

Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür. Üzv ölkələr öz aralarında BMT-nin Nizamnaməsinin - onların dünya birliyinin üzvləri kimi hüquq və vəzifələrini müəyyənləşdirən beynəlxalq müqavilənin prinsipləri ilə əlaqələnirlər.

BMT “ailəsi” aşağıdakı 6 əsas qurumlardan ibarətdir:

Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Hamilik Şurası, Beynəlxalq Məhkəmə və Katiblik. Niderlandın Haaqa şəhərində yerləşən Beynəlxalq Məhkəmədən başqa, digər qurumlar Nyu-Yorkda, BMT-nin Mərkəzi idarələrində yerləşirlər. BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), BMT-nin Uşaq Fondu (UNICEF), BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) kimi inkişaf, humanitar yardım və insan hüquqlarının müdafiəsi sahələrində fəaliyyətləri həyata keçirən ixtisaslaşmış təşkilatları mövcuddur.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər