Xocalı rayonunun Fərrux yüksəkliyi uğrunda gedən qanlı döyüşlərdə itkin düşən hərbçilərdən biri də 1974-cü il təvəllüdlü Mehman Bəhram oğlu Eminovdur. O, 1974-cü ildə Zaqatalanın Yeni Suvagil kəndində anadan olub.
Şəhidin anası Fatma Mirzəyeva "Report"un yerli bürosuna bildirib ki, oğlu hələ uşaqlıq illərində idmana həvəs göstərib və dərslərini də yaxşı oxuyub:
"Mehman məktəbi bitirdikdən sonra Zaqatala Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Mehman hərbi xidmətdən möhlət hüququ olmasına baxmayaraq, təhsilini yarımçıq qoydu, könüllü olaraq hərbi xidmətə yollandı.
Ailədə 5 uşaqdan ikincisi olan Mehman 1992-ci ilin sentyabrnda xidmətə yollandıqdan sonra "N" saylı hərbi hissədə xidmətə başlayıb. Daha sonra isə onun əsas vəzifəsi Fərrux yüksəkliyini düşməndən azad etmək idi.
Mən sonuncu dəfə Mehmanla 1993-cü il yanvarın 12-də görüşdüm. Nə biləydim ki, bu görüşümüz son görüş idi. Onlar həmin ayın 25-də düşmənlə qarşı-qarşıya döyüşə girməli idilər".
73 yaşlı F.Mirzəyevanın sözlərinə görə, Fərrux yüksəkliyi uğrunda gedən döyüşdən sonra oğlunun itkin düşdüyünü öyəniblər: "Mehman Fərruxda yaralansa da, döyüşə davam edib və sonra itkin düşüb. Həmin vaxtdan 29 il keçməsinə baxmayaraq, oğlumun qayıdacağına ümid edirəm, gözlərim hələ də qapıdadır.
Şükür Allaha ki, torpaqlarımız işğaldan azad edildi. Fərrux dağı alındı. Bir ana kimi, mənim də ürəyimə sərinlik gəldi. Nə qədər acı olsa da, hər şeyə hazırlıqlıyam. Ümid edirəm ki, oğlum sağ tapılacaq".
Qeyd edək ki, itkin düşən M.Eminovun bacısı qardaşının adını yaşatmaq üçün oğluna Mehman adını qoyub. İndi dayısının adını yaşadan 4 yaşlı daha bir cəsur, mərd Mehman yetişir.
Xatırladaq ki, Qarabağ iqtisadi rayonuna daxil olan Xocalı rayonunun Fərrux kəndi və ətraf yüksəklikləri 2022-ci il mart ayının sonlarında Azərbaycanın tam nəzarətinə keçib. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata uyğun olaraq kənd Rusiya sülhməramlı qüvvələrinin nəzarətində idi. Ancaq qanunsuz erməni silahlı dəstələri 30 il əvvəlki kimi Fərruxdan Azərbaycan Ordusunun mövqelərinə atəş açmağa başlamışdı. Azərbaycan Ordusu əməliyyat keçirərək ərazini qanunsuz silahlılardan təmizləyib.
Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndindəki mövqelərdə qazıntı işləri apararkən insan meyitlərinin qalıqları aşkarlanıb. ("Report")