Şəhid Ramiq Teymur oğlu Tağıyev 1998-ci il oktyabrın 31-də Lerik rayonunun Kələvəz kəndində anadan olub. Həmin kənddə F.Şahbazov adına kənd tam orta məktəbində təhsil alıb. Təhsilini başa vurduqdan sonra, 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildə gizir rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. Hərb peşəsini uşaqlığından sevən və seçən iigidimiz inanırdı ki, gün gələcək, o torpaqlarımızın azadlığı uğrunda döyüşərək qəhrəmanlıq nümunəsi göstərəcəkdir. O gün isə 2020-ci il sentyabrın 27-də yağı düşmənin hücumunun qarşısının alınmasından başladı. O gün Ramiq sevincindən qanad açıb uçmaq istəyirdi, çünki arzusuna çatmışdı. Qarşıda isə qanlı döyüş və qələbə sorağını duymaq vardı...
44 davam edən Vətən müharibəsinə Ramiq Tağıyev Xüsusi Təyinatlıların giziri kimi qatılıb. Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlı uğrunda gedən ağır döyüşlərdə iştirak edərək düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib.
2020-ci il noyabrın 8-də isə Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Qəhrəmanımızın nəşi həmin ayın 11-də doğulub boya-başa çatdığı Lerik rayonunun Kəlvəz kəndinə gətirilib və kənd qəbiristanlığında böyük izdihamla dəfn olunub.
Hərbi hissə qarşısında qoyulmuş bütün tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, döyüşdə şücaət və igidlik göstərdiyi üçün gizir Ramiq Tağıyev ölümündən sonra “İgidliyə görə” ordeni, “Vətən Uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidliyi ilə ölməzlik qazanan R.Tağıyev subay idi.
Tahirə AĞAMİRZƏ