11.06.2025, 03:44
AZ EN
25.11.2024, 11:54 289

Ermənistandan gətirdiyi əşyalara sığınan Hacı dayı

XƏBƏRLƏR
  • Bakı Qərbi azərbaycanlıların Ermənistana qayıdışı məsələsini ciddi şəkildə gündəmə gətirir. Prezident İlham Əliyev Qərbi azərbaycanlıların öz yurdlarına qayıdacaqlarını deyir. Məsələ ilə bağlı Milli Məclisdə Təşəbbüs qrupu da yaradılıb. Bu isə Ermənistanda vahiməyə səbəb olub. Qərbi azərbaycanlılar bu gün ümidlə yaşayırlar. Öz əlləri ilə tikdikləri evlər, öz zəhmətləri ilə saldıqları bağ-bağatlar, ata-babalarının qədim yurdu ermənilərdə qalıb. Bu illər ərzində Qərbi azərbaycanlılar evlərindən gətirdikləri əşyalara, bir də heç vaxt əskilməyən xatirələrinə sığınıblar. Onlardan biri də Ermənistandan qovulan azərbaycanlı Hacı Çəltikovdur.

O, İctimai tv-yə müsahibəsində deyir ki, bala, bax, mənim varım, dövlətim bu kitabxanadır, bu kitablardı, bax, bu camadanlardı. Biz ordan çıxanda bunları gətirmişəm...

İki cüt çamadan, hərbi bilet, əmək kitabçası. Bunlar 83 yaşlı Hacı Çəltikovun qaçqın düşdüyü Böyük Qarakilsə rayonunun Arşut kəndindən gətirdiyi əşyalardı, onları göstərib deyir:

-Mənim sənədlərim budur, bu vayenni biletimdir, erməni dilində yazılıb. 1988-cil sentyabrın 19-dan götürmüşəm, sonuncu dəfə doğma yurddan qaçqın düşəndə...

O, masa üzrəindəki albomlarını vərəqləyir. Müəllim işlədiyi günlərini, gəncliyini xatırlayır, erməni dostlarından da danışır və deyir ki, bunların hamısını İrəvanda çəkdirmişəm: "Mənim elə erməni dostlarım var idi ki, başıma and içirdilər. Gündə bizə qonaqlığa gəlirdilər, mən onlara gedirdim. Toylarımızda iştirak edirdik. Birdən-birə Andrannikin qalıqları gələndən sonra ara pozuldu. Mən Təkmilləşdirmə İnstitutunda işləyəndə, gecə saat on ikidə, birdə məni gətirib evdə qoyub gedirdilər. Onların fikrində bir şey olsaydı, məni elə o körpülərin altında öldürüb bastırardılar. Kim onlardan görəcəkdi".

Hacı Çəltikov tütəkdə çalmağı İrəvanda öyrənib. O vaxtlar toylara masabəyi kimi gedirmiş. Nəinki tütəkdə, zurna-balabanda da ifa edə bilir. Bu alətlərin də hamısını İrəvandan gətirib. Hacı Çəltikov Arşut kəndində inşa etdiyi evini belə xatırlayır:

-Hündür idi, altı bazatla tikilib hündürə, ondan sonra qalxır pəncərənin altı, 3 göz ev idi.

O, evini qaçqın düşəndə qonşuluqda yaşayan erməniyə verib, amma bir şərtlə:

-Mənim evimə sığınan erməni mənə dedi ki, baxmayaraq ki, mən sənin evini sənətləşdirirəm, Allah eləyə, dostluq ola, geri gələsən, mənim tikidiyim də sənindi.

İllərdi Hacı dayı bu sözlərin verdiyi təsəlli ilə yaşayır. Evini dərk etdiyi o günü də unutmur: "Çox dəhşətli çıxdıq. Gecəynən uşağı göndərdim, uşaq getdi, geri qayıtdı, keçə bilmədi, ermənilər şüar götürmüşdü, qabağını kəsmişdilər üstü çadırlı maşının. Geri gəldi uşaq. Gecə saat 4-də çadırlı maşınla onu Bolnis rayonuna göndərdim".

Ermənilər yüz minlərlə azərbaycanlı kimi onun da arzularını yarımçıq qoyub. Bu gün bütün soydaşları kimi Hacı Çəltikov da  Qərbi Azərbaycana qayıtmaq həsrəti ilə yaşayır. Hacı dayının arzusu təkcə özünün deyil, onun  kimi Vətən həsrəti ilə yaşayan minlətərlə insanın səsidir. Bu səs bir gün doğma Qərbi  Azərbaycan torpaqlarına yenidən ayaq basana dək eşidiləcək.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər