Şahgündüzün atası da oğlundan qürurla danışır. Deyir ki, bu Vətən sevgisidi, insan sevəndə güclü olur. Elə o sevgidəndi ki, müharibədən əvvəl də Şahgündüzü çəkib səngərə, ön cəbhəyə aparmışdı. Şahgündüzün atası danışdıqca anlayırsan ki, belə bir atası olan, bu cür ailədə doğulan övlad elə Şahgündüz kimi qəhrəman olmalıdı: “Mən hər axşam uşaqları cərgəyə düzürdüm. Əvvəlcə Himnimizlə başlayırdıq. Sonra dərsləri ilə maraqlanırdıq. Ona görə də Şahgündüzün könüllü cəbhəyə getməsi, məni təəccübləndirmədi, nə də narahat eləmədi. Əksinə, məni ruhlandırdı, həvəsləndirdi...” Şəhid atası bildirir ki, Tovuz hadisələrindən sonra Şahgündüzlə bərabər qardaşı da orduya yazılmışdı. Neftçi olduğuna görə Şahgündüzü cəbhəyə aparmaq istəmirdilər. Deyirdilər ki, neftçi olmaq elə döyüşmək deməkdi. Amma o çətinliklə də olsa arzusuna çatdı və döyüşə yollandı. Cəbhədən atasına zəng elədi, dedi ki, gözlədiyimiz gün gəlib çatdı.
Anası deyir ki, evdə uşaqlar sakit olublar. Amma Şahgündüz çalan-oxuyan, danışıb-gülən idi. Evə gələn kimi sazını götürürdü... Şahgündüz özüylə bayraq aparmışdı. Onun arzusu Laçına ayaq basmaq, bayrağımızı Oğuldərədə zirvəyə taxmaq idi. Gedəndə anasına deyib ki, sənə bayraq verəcəklər, onu hörmətlə qarşılayarsan...
Şahgündüz sazda gözəl ifa edirdi, səsi isə başqa bir aləm idi, onu hey dinləmək, dinləmək istəyirsən...
Bu gün qəhrəman şəhidimiz Şahgündüz Habil oğlu Cabbarovun doğum günüdür. Əslən Laçın rayonunun Oğuldərə kəndindən olan Şahgündüz 13 yanvar 1995-ci ildə Bərdə rayonunun Mollalı kəndində anadan olub. Bərdənin Meşəçilik qəsəbəsində yerləşən Laçın rayon tam orta məktəbində təhsil alıb. 2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olub. 2016-cı ildə təhsilini başa vurub hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdam sonra Azərbaycan Dövlət Neft şirkətində qazmaçı işləyib.
O, 27 sentyabr 2020-ci ildə başlayan Şanlı Vətən Müharibəsində könüllü iştirak edib. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda mərdliklə vuruşub.
25 oktyabr 2020-ci ildə Füzuli rayonunun Əbdürrəhmanlı kəndi yaxınlığında gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz Xəzər rayonunun Binə qəsəbə qəbirsanlığında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Şahgündüz Cabbarov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Cənətdəki doğum günün mübarək, məzarın nurla olsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD