22.11.2024, 18:13
AZ EN
11.01.2024, 17:25 223

Arzu Səmədova: Azad edilmiş ərazilərdəki qoruq və yasaqlıqların xəritələrinin hazırlanması ilə bağlı işlərə başlanılıb

XƏBƏRLƏR
  • İki ildən çoxdur ki, ölkə başçısının müvafiq Sərəncamı ilə Bəsitçay Dövlət Təbiət Qoruğunun bərpası istiqamətində işlər görülür. Ötən müddət ərzində qoruğun sərhədləri müəyyən olunub, sanitar-mühafizə zonasının xəritəsi hazırlanıb. Azad edilmiş ərazilərdəki digər xüsusi mühafizə olunan təbiət əraziləri ilə də bağlı tədbirlər davam etdirilir. Belə ki, onların da sanitar-mühafizə zonalarının xəritələrinin hazırlanması ilə əlaqədar işlərə başlanılıb.

Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova deyib.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, o cümlədən Elm və Təhsil Nazirliyinin müvafiq institutlarının əməkdaşlarının iştirakı ilə Bəsitçay qoruğunun ərazisində rüblük, illik monitorinq işləri aparılır, burada baş verən təbiət hadisələri izlənilir: “Qoruğun ərazisində biomüxtəlifliyin bərpası ilə bağlı müəyyən tədbirlər həyata keçirilib – ağacəkmə, Bəsitçaya balıqların buraxılması aksiyaları təşkil edilib. Otuz il ərzində qoruğun ekosistemi tamamilə məhv edilib. Cəmi 2-3 ildir ki, orada təbii bərpa gedir. Qoruqda təbii mühitin bərpasının daha çox antropogen təsirlərlə aparılması onun konsepsiyasına uyğun deyil. Təbii bərpa isə uzun müddət vaxt alır. Bununla yanaşı, qoruğun ərazisi minalardan tam olaraq təmizlənməyib. Ərazi hissə-hissə təmizlənir və bundan sonra monitorinqlər aparılır”. (AZƏRTAC)

Oxşar xəbərlər