- Ruhid Uğur oğlu İslamlı 1999-cu il aprelin 1-də Lerik rayonunun Çeşman kəndində anadan olub. Ailədə 1 bacı və 1 qardaş olublar. 2000-ci ildə ailə Bakıya köçüb. Ruhid 4 yaşından bağçaya, 2005-ci ildən isə Əhmədli Humanitar Fənlər Təmayüllü Məktəb Liseyinin 1-ci sinfinə gedib. 2011-ci ildən Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən 315 saylı məktəbdə təhsilini davam etdirib. Təhsil aldığı müddətdə hələ kiçik yaşlarından Ruhid cüdo, teakvondo, güləş, qaydasız döyüş, üzgüçülük və digər idman növləri ilə məşğul olub, yarışlarda iştirak edib. Regional və Respublika səviyyəli rəsmi dövlət yarışlarına qatılıb, 1 və 2-ci yerləri qazanıb. Həmçinin məktəb fəaliyyəti dövründə də intellektual yarışlara, viktorinalara, olimpiadalara qatılıb, özü də bir sıra yarışlar, flaşmoblar və s. təşkil edib. Ruhid intellektual və vətənpərvər gənc olub. Naxçıvan Dövlət Universitetinin məzunu, ixtisasca psixoloq idi. Sosial şəbəkələrdəki təbliğatlarında, çıxışlarında həmişə şəhid mövzularına üstünlük verərdi.
Ruhid 2020-ci ilin yayında hərbi xidmətə çağırılıb. Vətən müharibəsi dövründə Talış kəndi və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 6-ı müharibənin qızğın dövründə eyni istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ruhid İslamlı ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı əsasında "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Vətən Müharibəsi iştirakçısı", "Cəsur döyüşcü" medalları ilə təltif edilib.
Allahdan şəhidimizə rəhmət diləyirik.
Tahirə AĞAMİRZƏ