17.01.2026, 18:39
AZ EN
12.01.2026, 17:06 147

Qarabağ müharibəsi veteranı İnanəddin Məhyəddinovun 75 illik yubileyi qeyd olunub

XƏBƏRLƏR
  • Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə aparmış insanlar daim dərin ehtiramla xatırlanır. Uzun illər müxtəlif məsul vəzifələrdə çalışmış, Qarabağ müharibəsi veteranı İnanəddin Məhyəddinovun 75 illik yubileyi münasibətilə keçirilən tədbir də bu dəyərin bariz nümunəsidir.

12 yanvar 2026-cı il tarixində Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən Hafiz Quliyev adına Çaytumas kənd məktəb-liseyində yubiley tədbiri keçirilib. Tədbirdə Qubadlı RİH başçısının müavini Allahverdi Haxverdiyev, icra hakimiyyətinin məsul şəxsləri, məktəb direktorları, yubiliyarın döyüş yoldaşları və ailə üzvləri iştirak ediblər.

Tədbir çərçivəsində İnanəddin müəllimin həyat və döyüş yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib, şeirlər səsləndirilib və musiqi nömrələri ifa olunub. Allahverdi Haxverdiyev çıxış edərək RİH başçısı Malik İsaqovun adından yubiliyarı təbrik edib, onun keçdiyi şərəfli ömür yolunu yüksək qiymətləndirib. Digər çıxış edənlər də İnanəddin Məhyəddinovun həm müəllim, həm də döyüşçü kimi xidmətlərini qeyd edərək ona cansağlığı arzulayıblar.

Sonda çıxış edən yubiliyar İnanəddin Məhyəddinov göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Qeyd edək ki, İnanəddin Məhyəddinov 1951-ci ildə Qubadlı rayonunun Çaytumas kəndində anadan olub. Gəncə Dövlət İnstitutunun tarix fakültəsini bitirib. Müəllimliklə yanaşı, Qarabağ müharibəsində fəal iştirak edib, batalyon komandirinin müavini kimi xidmət göstərib. Müharibədən sonra müxtəlif icra vəzifələrində çalışıb, dövlətə və cəmiyyətə layiqli xidmət göstərib.

Ailəlidir, 2 qızı, 1 oğulu və 8 nəvəsi var.

İnanəddin müəllimi 75 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, xoş günlər arzulayırıq.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər