08.02.2026, 03:07
AZ EN
26.12.2025, 10:16 217

Bu gün şəhid Şaiq Məmmədovun doğum günüdür

XƏBƏRLƏR
  • Şaiq hərbi xidmətini yenicə başa vurmuşdu ki, Vətən müharibəsi başladı. İgid oğullarımız kimi Şaiq də torpaqlarımızın azadlığı uğrunda döyüşlərə atıldı. Ağdam, Füzuli və Qubadlı uğrunda mərdliklə döyüşdü. Müharibədə sonadək vuruşan qəhrəman Xankəndi istiqamətində şəhadətə ucaldı. Şaiqin üzündəki qələbə sevinci, o səmimi gülüşü əbədi olaraq tariximizə, qan yaddaşımıza həkk edildi...  

Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Məmmədov Şaiq Şükür oğlunun doğum günüdür. O, 26 dekabr 1999-cu ildə Gəncə şəhərində anadan olub. 2013-cü ildə  Gəncə şəhəri Ş.İ.Xətai adına 20 nömrəli tam orta məktəbin 9-cu sinfini  bitirib.  2012-2015-ci illərdə təhsilini 3 nömrəli Peşə liseyində (indiki Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) davam etdirib. 2018-ci ildə həqiqi hərbi xidmətə çağırılıb, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində Vətənə xidmət edib.  
27 sentyabr 2020-ci ildə Vətən Müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Şaiq Məmmədov yenidən hərbi xidmətə çağrılıb. O, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və işğal altında olan rayonlarımızın azadlığı uğrunda mərdliklə vuruşub. Ağdam, Füzuli və Qubadlı rayonları uğrunda gedən döyüşlərdə iştirak edib.

9 noyabr 2020-ci ildə Xankəndi şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz 13 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Ordumuzun mərd əsgəri Məmmədov Şaiq Şükür oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Şaiq balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər