İctimai Televiziyanın “Xəbərlər” Proqramında verilən məlumata görə 44 günlük Vətən müharibəsində Tərtərə 16 min 133 mərmi və 21 raket düşüb ki, bu Ermənistan Ordusunun yaşayış məntəqələrimizə atdığı mərminin yarıdan çoxu deməkdir. Lakin buna baxmayaraq qəhrəman tərtərlilər evlərini tərk etməyərək əsgərlərimizin yanında olublar.
Azərbaycan Ordusunun qarşısında dayana bilməyən, müharibədə uduzduğunu anlayan düşmən heyfini dinc yaşayış məntəqələrimizdən almağa başladı. Belə ki, Ermənistan Silahlı Qüvvələri cəbhəyanı ərazilərə 30 mindən çox mərmi və raket atdı. Mərmilərin əksəriyyəti isə Tərtərə düşürdü. Odur ki, Tərtər 1939-2020-ci illərdə tək Qafqazda deyil, bütün Avropada ən çox mərmi düşən yaşayış məntəqəsi sayılır. Elə gün olub ki, rayona 2 min mərmi düşüb. Doğma yurdunu tərk etməyən tərtərlilər isə zirzəmilərdə, sığınacaqlarda yaşamağa məcbur olub. Vətən mühaibəsində 70-də çox Tərtər sakini xəsarət alıb, 20 nəfər həlak olub.
Tərtərdə yaşayan Allahverdiyevlər ailəsi də müharibələri bütün varlığıyla hiss edib, onun iştirakçısına çevriliblər. Zöhrab Allahverdiyev Birinci Qarabağ Müharibəsinin, oğlu Mehdi Sabirzadə isə İkinci Vətən Savaşının iştirakçısıdir. Baba Mehdi kişi də İkinci dünya müharibəsi iştirakçısı olub.
Zöhrab Allahverdiyev deyir ki, o, 1992-ci ilin avqust ayının 20-də Vətənin müdafiəsinə qalxan ilk döyüşçülərdən olub. Döyüş yolu Ağdamdan başlayıb, Şahbulaqda, Qalayçılar kəndində və Ağdərə istiqamətində davam edib, top komandiri olub. Sonra atəşkəsin yarımçıq qoyduğu atanın döyüş yolunu oğlu igid babasının adını daşıyan Mehdi Sabirzadə Vətən müharibəsində Xüsusi təyinatlı qüvvələrin tərkibində davam etdirib. Onun erməni dilini bilməsi müharibə zamanı həm özünü, həm də döyüş yoldaşlarını xilas edib. Belə ki, döyüşlərdə üstünlük qazanan hərbçilərimiz ermənilərin kazarmasını araşdırarkən düşmən rabitəsi hələ işlək vəziyyətdə imiş. Odur ki, tərtərli igid döyüşçünün tərcüməsi sayəsində düşmənin planları alt-üst edilib.
Hazırladı: Mina RƏŞİD