O, 1929-cu il dekabrın 2-də Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Adil müəllimin daşıdığı Məmmədov soyadı ulu babası Mirzə Məhəmməd bəy Axundovun adının şərəfinədir. Onun ata babası Mirzə Mehdi bəy Axundov Tehranda tibbi təhsil almış, sonralar Şuşa qəzasının Seyidli (indiki Ağdam rayonunun Seyidli kəndi) kəndində həkim işləmişdir. Mir Möhsün Nəvvabın yazdığına istinadən o, 1906-cı ildə Ağdamda məscidinin həyətində dəstamaz aldığı yerdə rus kazakları tərəfindən vəhşicəsinə öldürülmüşdür. Adil müəllimin ata nənəsi Mahtaban xanım Azərbaycanın görkəmli dramaturqu, nasiri, maarif xadimi Süleyman Sani Axundovun yeganə bacısıdır. Adil müəllimin atası Əli bəy Mirzə Mehdi bəy oğlu Məmmədov Ağdam rus-tatar məktəbində oxumuş, Ağdamda, Bakıda dövlət təşkilatlarında işləmişdir.
Adil Məmmədovun anası Fizzə xanım Məmmədova da tanınmış nəslin övladıdır. Fizzə xanım dahi xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı Qafar Qaryağdının qızı olub.
Adil Məmmədov 1945–1947-ci illərdə Bakı Pedaqoji Texnikumunda oxumuş, 1947–1952-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsində ali təhsil almışdır.
O, 1953-cü ilin yanvarından Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA) A. Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın sovet dövrü tarixi şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul olunmuş, 1954–1957-ci illərdə həmin şöbə üzrə aspiranturada təhsil almışdır.
Adil Məmmədov 1961-ci ildə "Azərbaycan fəhlə sinfi birinci beşillikdə (1928–1932-ci illər)" mövzusunda namizədlik, 1981-ci ildə "Azərbaycan SSR-də fəhlə sinfi (1926 iyun −1941-ci illər)" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. Uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A. Bakıxanov adına Tarix İnstitutunda çalışmışdır. "Azərbaycanın 1920-ci ilin iyun-1941-ci illər tarixi" şöbəsinin müdiri (1989–2000) və "Müasir Azərbaycan tarixi" şöbəsinin müdiri (2000–2016) vəzifələrində işləmişdir. Ona 2004-cü ildə "Vətən tarixi" ixtisası üzrə professor elmi adı verilmişdir.
Adil Məmmədov 100-ə yaxın elmi əsərin müəllifi idi. Professor "Heydər Əliyev" (iki cilddə. I cild, Bakı, 2013) kitabının "Erməni separatizminə qarşı mübarizə", "Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərliyi dövründə Ermənistan SSR-nin ərazi iddialarına və erməni separatçılığına qarşı mübarizəsi (1969–1982-ci illər)" mətnlərin müəlliflərindən biri idi. Adil Məmmədov bir sıra beynəlxalq simpozium və konfranslarda iştirak etmişdir. Onun tarixçi kadrların hazırlanmasında xüsusi əməyi olmuşdur.
Adil Məmmədov 21 dekabr 2016-cı ildə Bakıda vəfat etmişdir.
Mina RƏŞİD