Bu gün şəhid əsgərimiz Türkman Yolçu oğlu Məmmədovun anım günüdür. O, 1998-ci il sentyabr ayının 28-də Gədəbəy rayonunun Şınıx bölgəsinin Hacılar kəndində anadan olub. 2000-ci ildə ailəsi Bakının Sabunçu rayonuna köçüb. 2005-ci ildə Cəbrayıl rayonu 22 saylı köçkün məktəbinin 1-ci sinfinə daxil olub və 9 il burada təhsil alıb. Bundan sonra 17 saylı Bakı Peşə Liseyində rabitə ixtisası üzrə təhsilini davam etdirib. 2019-cu ildə hərbi xidmətə yollanıb. O, Hava Hücumundan Müdafiə Qoşunları bölməsində atıcı-zenitçi kimi Vətənə xidmət edib. Öz bacarığı, çalışqanlığı ilə seçilən Türkman fəxri fərmanlarla təltif edilib, valideynlərinə “Təşəkkür məktubu” göndərilib.
2020-ci ilin sentyabr ayının 27-də başlayan Vətən müharibəsində Türkman Məmmədov Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə mərdliklə savaşıb. Oktyabrın 27-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub.
Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Döyüş yoldaşlarının onun əziz xatirəsini əbədiləşdirmək məqsədilə hazırladıqları plakat şəhidin yaşadığı məhəllənin giriş hissəsinə yerləşdirilib.
Şəhid Türkman Məmmədova həsr edilmiş kitabda (Müəllifi Hüseyn Məmmədov) manqa komandiri Xanoğlan Cəfərovun xatirələri bir döyüşçü haqqında unudulmaz təəssuratlar yaradır. O, yazır ki, Türkmanla biz döyüşə gedəndən bir yerdə olmuşuq. İkimiz də zenitçi-atıcı idik. Biz həm də, döyüşlərdə xilasetmə işlərində iştirak edirdik. Birində 6, o birində 2 gün olmaqla iki dəfə mühasirəyə də düşmüşük.
…Cəbrayıl istiqamətində ağır döyüşlər gedirdi. Düşmən ordusunun əsgərləri tülkü kimi qaçırdılar. Türkman Xudafərin körpüsünü görüb komandirdən xahiş etdi ki, aparıb bayrağımızı körpüyə sancsın. Bir ağaca bayrağımızı sancdı. Arazın o tayında güneyli bacı-qardaşlarımız bayrağımıza baxıb fərəhlənir və “Yaşa Azərbaycan!”, “Qarabağ Azərbaycandır!” deyə, səs-sədaları bizə gəlirdi...
…Hadrut istiqamətində bir neçə kəndi azad etmişdik. Ərzağımız tükənmişdi, 20-25 km yolu piyada gedib ərzaq gətirmək lazım idi. Türkmanla İlkin Əliyev kənddəki evlərə getdilər. Bir də gördük bir cöngə və başqa ərzaqlarla geri qayıtdılar. Dedik ki, o cöngəni neyləyəcəksən, dedi bişirəcəm yeyəcəyik. Türkman avtomatın süngü bıçağı ilə heyvanı kəsib kabab bişirdi və dedi ki, doyunca yeyin, mən olan yerdə heç kim ac qalmayacaq.
Türkman şəhid olanda da onun yanında idim. Gördüm ki, o vuruldu, tez gəlib yarasını şərflə sarıdım, nəsə demək istəyirdi, amma deyə bilmədi. Mənim gözlərim həmişə onu axtarır...
Türkmana həsr edilmiş kitabı vərəqlədikcə 22 yaşlı bir gəncin Vətən sevgisinə heyran olursan. Peşə məktəbində ona fizika fənnindən dərs deyən müəllimi Nəsib Hüseynov tələbəsi ilə bağlı xatirələrində yazır: “Türkman tərbiyəli, sakit bir oğlan idi, onu hərbi xidmətə yola salanda dedi ki, müəllim Qarabağı mən alacam”.
Doğrudan da, Qarabağı sən və sənin kimi mərd oğullar, igidlər azad elədi, şəhid Tükmanım! Məzarın nurla dolsun, ruhun şad olsun, Türkman balamız…
Mina RƏŞİD