25.04.2025, 01:24
AZ EN
07.09.2022, 17:15 423

Vətən müharibəsi iştirakçısı: Düşünürəm ki, 44 gün ərzində həyatımın ən vacib sınağından keçdim

XƏBƏRLƏR
  • Tovuz hadisələri baş verəndə hərbi xidmətə başladığım heç bir həftə deyildi. Olanlar mənə çox pis təsir etmişdi. Hər bir azərbaycanlı kimi, mən də general-mayor Polad Həşimovun və digər şəhid hərbi qulluqçularımızın qisasını almağı qarşıma məqsəd qoymuşdum. Məqsədimə nail olmaq üçün gözlədiyim vaxt iki aydan sonra çatdı. 44 günlük salnamədə az da olsa, izim olduğu üçün qürurluyam.

Bunu Vətən müharibəsi iştirakçısı Simran Abasov deyib.

Vətən müharibəsi başlayanda Simran Murovda xidmət edirdi. Haqq savaşımız dövründə Murovdağ istiqamətində yüksəkliklərin azad olunması və Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. İki ayın əsgəri olmasına baxmayaraq, içindəki Vətən sevgisi və qəlbində alovlanan intiqam atəşi onu verilən tapşırıqları uğurla yerinə yetirməyə sövq edib. Təcrübəsinin az olmasına rəğmən, Simran döyüşlər zamanı düşmənin bir neçə canlı qüvvəsini məhv edərək yaralı döyüş yoldaşlarını atəş altından çıxara bilib. Həmçinin döyüş tapşırıqlarını yerinə yetirərkən kazarmanı partladaraq bir briqadanı, həmçinin Murovdağ istiqamətindəki yüksəkliklərdəki düşmən postlarını məhv etməyə nail olub. Vətən müharibəsi zamanı ən yaddaqalan hadisə isə məhv etdiyi post və kazarmanın sevincini yaşayarkən ehtiyatsızlıqdan zədə alması olub. Bir həftə tibb məntəqəsində müalicə aldıqdan sonra yenidən döyüş meydanına qayıdıb. Müharibədən sonra isə xidmətini Kəlbəcərdə davam etdirib.

O, həmin günləri belə xatırlayır: “Gürcüstanda ali təhsilimi yarımçıq qoyub Vətənə qayıtdım və hərbi xidmətə yollandım. 22 yaşım var idi. Düşünürəm ki, 44 gün ərzində həyatımın ən vacib sınağından keçdim. Çox sevinirəm ki, sevdiyim formanı əynimə geyinib düşmənlə üz-üzə döyüşmək və Zəfəri döyüş meydanında yaşamaq nəsibim oldu. Çox çətin, məsuliyyətli, qürurlu günlər idi. Allaha min şükür ki, son döyüşdən üzüağ, alnıaçıq çıxdıq. Bu yolda neçə qardaşımızı, dostumuzu, silahdaşımızı itirdik. Təsəllini torpaqlarımızın azad olunması və şəhidlərimizin qisasının yerdə qalmaması ilə alırıq. İgid qardaşlarımızın əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq, onların uyuduğu məzarlar nəinki bizim, gələcək nəsillərin də ziyarətgahına çevriləcək”.

Qeyd edək ki, Simran Abasov Zaur oğlu Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən müharibəsi iştirakçısı”, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. (AZƏRTAC)

Oxşar xəbərlər