Təşkilatdan verilən məlumata görə, tədbirlər müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və müdrik dövlət xadimi Heydər Əliyevin irsinin dərindən mənimsənilməsi, şərəfli və mənalı ömür yolu, zəngin dövlətçilik təcrübəsi və misilsiz xidmətlərinin öyrənilməsi məqsədilə keçirilib.
Təşkilatın İdarə Heyətinin üzvləri, Vətən müharibəsi qaziləri və üzv gənclər Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, müasir Azərbaycan dövlətinin memarı və qurucusunun əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər.
Tədbirlər planına uyğun olaraq üzv gənclərin və Qayıdış könüllülərinin iştirakı ilə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. Ekskursiyada iştirak edən gənclər Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ilə yaxından tanış olub və burada nümayiş olunan, Ümummilli Liderin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar haqqında ətraflı məlumat əldə ediblər.
Silsilə tədbirlər çərçivəsində Gənclər Təşkilatları Milli Şurası ilə əməkdaşlıq çərçivəsində “Heydər Əliyev irsi və müasir Azərbaycan gəncliyi” adlı panel müzakirəsində Milli Məclisin üzvləri Ceyhun Məmmədov və Məzahir Əfəndiyev, təşkilat sədrləri və nümayəndələri iştirak ediblər.
Görüş zamanı Ümummilli Lider Heydər Əliyevin dövlətçilik konsepsiyasının əsas prinsipləri, Ulu Öndərin respublikamıza rəhbərliyi dövründə milli şüurun oyanışı və Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi istiqamətində həyata keçirilən tədbirlərin mütərəqqiliyi, eyni zamanda, gənclər siyasətindən danışıblar. Çıxış edənlər bildiriblər ki, milli düşüncənin formalaşmasında, gəncləri dövlətin gələcəyi kimi görərək onların təhsili, peşəkar inkişafı və vətənpərvərlik ruhunda böyüməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olub.
Keçirilən tədbirlər zamanı qeyd olunub ki, Ulu Öndərin ən böyük arzusu reallaşıb, işğal altındakı torpaqlarımız azad edilib, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı və həmin ərazilərdə həyatın yenidən canlanması başlayıb.
Görkəmli dövlət xadimi Heydər Əliyevlə bağlı maraqlı və zəngin xatirələrini bölüşən qonaqlar gənclərin suallarını cavablandırıblar. (AZƏRTAC)