Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, yaradıcı ziyalılar - Hidayət Səfərli, Mirzə Mirimli, Əbülfət Alışov, Kamal Fərhad, mədəniyyət işçiləri, məktəblilər və oxucular iştirak ediblər.
Çıxış edənlər şairi 75 illik yubileyi münasibətilə təbrik edib, ona səmimi, xoş sözlərini çatdırıblar. Natiqlər şairin yaradıcılığından nümunələr gətirərək, onun ömür yoluna nəzər salıb və uğurlarından danışıblar. Bildirilib ki, vətənpərvərlik, xüsusilə Qarabağ dərdi, yurd nisgili, doğma torpaqlara bağlılıq, köçkün həyatı və qayıdış arzusu şairi hər zaman düşündürüb və onun şeirlərində öz əksini tapıb.
Xalqının dərdini, sevincini, mübarizəsini, ümidlərini qəlbinin süzgəcindən keçirərək sözə çevirən qələm sahibi hələ 2006-cı ildə nəşr olunan "Ad günləri qarşıdadır" kitabında qələbəyə inamını özünəməxsus poetik çalarlarla əks etdirib, əksər şeirlərində bu inama söykənib. Şair "Qalx, tarixçim, qalx ayağa", Milli Qəhrəman Vəzir Orucov, "Azərbaycan Bayrağı" ordenli şəhid Fariz Cavadov haqqında yazdığı poemalarında, "Üz tutmalı ömürlər","Şuşaya gedən yol", "Qarabağa yağan yağış" kitablarında xalqımzın böyük kədərinin, eyin zamanda, qürurunun, dəyanətinin, əyilməzliyinin bədii ifadəsini verib, vətəninə, xalqına, ölkəsinə olan sevgisini şeirlərinin dili ilə oxuculara çatdırıb.
Tədbirdə şagirdlər Musa Aslanxanlının şeirlərindən nümunələr səsləndiriblər.
Sonda yubilyara hədiyyələr təqdim olunub.
Mina RƏŞİD