15.01.2026, 04:04
AZ EN
08.12.2025, 09:48 311

Bu gün şəhid Samir Fərzəliyevin doğum günüdür

XƏBƏRLƏR
  • Bütün valideynlər kimi Samirin anası da oğlunun boyunu sevirdi, onun tezliklə ev-ailə sahibi olacağı günü səbirsizliklə gözləyirdi. Amma 44 günlük Vətən müharibəsi onun bu arzusunu yarıda qoydu. Ana hələ də dağ kimi oğlunun yanında olmadığına inana bilmir. O, hər səsə, hər nəfəsə diksinir, elə bilir, Samir indi gülə-gülə qapını açıb ona sarı gələcək....

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Fərzəliyev Samir Vaqif oğlunun doğum günüdür. O, 1996-cı il dekabr ayının 8-də Ağdam rayonunun Quzanlı kəndində sadə bir ailədə anadan olub. Samir əslən Ağdam rayonunun Qiyaslı kəndindəndir. 2002-2011-ci illərdə Quzanlı kənd tam orta məktəbində təhsil alıb. 2015-ci ildə hərbi xidmətə çağırılıb. 2016-cı ilin oktyabr ayında Naxçıvan Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissədə hərbi xidmətini başa vurub. Bundan sonra Samir bir neçə il mülki əmək fəaliyyəti ilə məşğul olub. Ancaq hərbçi olmaq arzusu 2020-ci ildə onu Vətənə müddətdən artıq hərbi xidmət etmək üçün ordumuza gətirib.

Azərbaycan Ordusunun əsgəri Samir Fərzəliyev 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak edib. O, Suqovuşanda mərdliklə vuruşub. Elə həmin ərazidə də müharibənin ilk günündə qanlı döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. Onun nəşi neytral zonada qaldığından şəhidimiz 2020-ci il oktyabr ayının 15-də Ağdam rayonunun Quzanlı kəndində Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Samir Fərzəliyev ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Doğma Ağdamda şəhidimizin adına bulaq kompleksi də inşa edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Samir balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR