Şəhidlərin anası Nəhayət xanım iki övladını eyni gündə müharibəyə yola salıb. Musa Turaldan əvvəl şəhadətə ucalıb. Ananın yeganə təsəllisi iki balasının dörd yadigarıdır...
Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Musa Tapdıq oğlu Həsənovun doğum günüdür. O, 24 noyabr 1995-ci ildə Mingəçevirdə doğulub. Orta məktəbi başa vurduqdan sonra Musa əvvəlcə Mingəçevir Texniki liseyinin, sonra isə Mingəçevir Turizm Kollecinin məzunu olub. O, həqiqi hərbi xidmətini başa vurub, qida sektorunda çalışmağa başlayıb.
Musa Həsənov 21 sentyabr 2020-ci ildə Hərbi Komissarlıq tərəfindən hərbi vəzifəlilərin təlim toplantısına çağırılıb. Musa təlim toplantısına gedərkən ailəsiylə görüşə bilmir. Çünki çağırış gələndə iş yerində olur və son olaraq da müdiriylə görüşüb gedir. O gedəndə müdirinə gülümsəyir və zarafatla deyir ki, deyəsən mən getməsəm, bu torpaqlar alınmayacaq...
Gizir Musa Həsənov Vətən müharibəsində Tapqaraqoyunlu və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə mərdliklə vuruşub. Onun doğmaları ilə son danışığı sentyabrın 28-də olub. Musa Həsənov sentyabrın 29-u Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimizin mübarək nəşi xeyli vaxt neytral zonada qalıb. Nəhayət, noyabrın 4-də onun nəşi neytral ərazidən çıxarılaraq ailəsinə təhvil verilib. Elə həmin gün də doğma şəhərdə böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən Musa Tapdıq oğlu Həsənov ölümündən sonra “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunması uğrunda” və “Vətən uğrunda" medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şəhidimizin 2 övladı Vətənə əmanət qalıb.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD