Azərbaycanlılar Göyçədən dəfələrlə deportasiya edilib. Xüsusilə də 1918-ci ildə soydaşlarımızı doğma yurdundan didərgin salıb əvəzində həmin torpaqlarda Türkiyədən gətirilən ermənilər məskunlaşdırılmışdı. Azərbaycanlılar Sovet hökuməti illərində də doğma torpaqlarına tam qayıda bilməyiblər. 1948-53-cü illərdə Göyçə gölünün şərq hissəsində yaşayış məntəqələrini azərbaycanlılardan təmizlədilər. Göyçə 1748-1828-ci illərdə İrəvan xanlığının mahalı olub. Xanlıqların süqutundan sonra Göyçə mahalı İrəvan quberniyasının ərazisinə daxil edilib. Qeyd edək ki, İrəvan xanlığında 15 mahal vardı, onlardan ən böyüyü Göyçə mahalı idi. Tarixi sənədlər Göyçə mahalında 1831-ci ildə cəmi 15 erməni ailəsinin yaşadığını göstərir. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini işğal edən Rusiya əzəli torpağımız olan Göyçə mahalını Ermənistana verib. Azərbaycanlıların ən son deportasiyası 1988-ci ildə olub. Bunları İTV-nin Yekun proqramında tarixçi Nazim Mustafa söyləyib.
Qeyd edək ki, televiziya əməkdaşları bu günlərdə Bala Göyçənin sahillərindən reportaj hazırlayıb. Burada bildirilir ki, Göyçə mahalı Göyçə gölünün sahilində yerləşir və dəniz səviyyəsindən 1900 metr yüksəkdədir. Göyçə gölü bölgənin ən böyük su hövzəsi və Qafqazın incisi hesab edilir. 1930-cu ildən ermənilər ona “Sevan gölü” deyirlər. Göyçə gölünün yaxınlığında daha bir göl var, ona Bala Göyçə deyirik. Bala Göyçənin adı tarixi sənədlərdə Böyük Alagöldür. Göyçə mahalından və ətraf ərazilərdən soydaşlarımız bura balıq tutmağa gələrdilər... Ermənilər 1993-cü ildə Kəlbəcər rayonunu işğal edərkən bu əraziləri də işğal edilmişdi. Ancaq qüdrətli ordumuz 2022-ci ilin sentyabrında doğma torpaqlarımızı azad etdi.
Ötən həftə Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı zamanı bildirib ki, XX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Dövlət başçısı deyib ki, o xəritələrdə “Sevan gölü” adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu Çar Rusiyası edib. Həmin o Çar Rusiyası ki, vaxtilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni, bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir. Ona görə biz bunu təbliğ etməliyik, tədqiq etməliyik.
Hazırladı: Mina RƏŞİD