20.11.2025, 03:50
AZ EN
13.11.2025, 09:35 283

Hər səhər onunla salamlaşırıq...

XƏBƏRLƏR
  • Məhəmməd Vətən müharibəsi başlayan kimi könüllü cəbhəyə yollanıb. Bundan ancaq dayısı xəbər tutub. Məhəmməd dayısına deyib ki, Şuşaya qədər gedib, o yerləri görmək istəyirəm. İndi dayısı onun şəklini Şuşa qalasının şəkli ilə birgə Məhəmmədin otağından asıb. Şəhid bacısı deyir ki, qardaşımla fəxr edirəm, o mənim qəhrəmanımdır!

Şəhidimizin anası Gülmirə xanım balasından qürurla danışır. Deyir ki, Məhəmməd hərbi xidmətdən əvvəl Bakıda çörək zavodunda işləyirdi. Hər gün ona işçi kimi verilən çörəyi o ehtiyacı olan ana ilə oğluna verirmiş. Gülmira xanım düşünür ki, Vətəni sevmək, həm də o torpaqda yaşayan insanları sevmək deməkdi. Məhəmməd öz millətinə, insanlara qarşı  çox canıyanan idi. Cəbhədən mənimlə danışanda səsində o qədər xoşbəxtlik var idi ki, elə bil indicə telefondan çıxacaqdı…
Ana evdə şəhid balasının şəkillərindən ibarət köşə yaratdıqlarını deyir: “Hər səhər şəklinə baxıb onunla salamlaşırıq. Hər gələn səsdə gözüm Məhəmmədi axtarır. Mənim üçün oğlum ölməyib!”
Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Məhəmməd Abbas oğlu Məmmədovun doğum günüdür. O, 13 noyabr 1998-ci ildə Ağcabədi şəhərində anadan olub. 2005-2016-cı illərdə Ş.Hüseynov adına Ağcabədi şəhər 2 saylı tam orta məktəbdə təhsil alıb. Hərbi xidmətini başa vurduqdan sonra Ağcabədidə və Bakıda çalışıb.
Məhəmməd Məmmədov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub.

Azərbaycan Ordusunun əsgəri olan Məhəmməd Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.

 Məhəmməd Məmmədov 7 noyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz böyük izdiham və ehtiramla Ağcabədi Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Məhəmməd Məmmədov ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər