Bu münasibətlə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Rayon rəhbəri bildirib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin hamısı bizim üçün əzizdir, onların xatirəsi əbədiləşdirilir, adlarına küçələr, məktəblər, sinif otaqları verilir, bulaqlar tikilir.
Tərtər şəhərində 51 küçəyə şəhid adı verilib, 23 küçəyə şəhidin baralyefi quraşdırılıb. Şəhidlərin adlarını əbədiləşdirməklə onların ailəsinə mənəvi dəstək olmağa calışılır..
Tezliklə Milli Qəhrəman Şükür Həmidovun adı verilən küçədə əsaslı təmir işləri aparılacaqdır.
Qeyd edək ki, Həmidov Şükür Nəriman oğlu 01 aprel 1975-ci ildə Qubadlı rayonunun Armudluq kəndində anadan olmuşdur. Başarat kənd orta məktəbində, sonra Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışdır. 1993-cü ildə Bakı Birləşmiş Ali Hərbi Komandirlər məktəbinə daxil olaraq təhsilini davam etdirmiş və 1995-ci ildə motoatıcı ixtisasına yiyələnərək leytenant rütbəsində Naxçıvanda yerləşən hərbi hissələrin birində tağım komandiri kimi fəaliyyətə başlamışdır. Qısa müddət ərzində bölük komandiri, sonra isə tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsində irəli çəkilmiş, bir müddətdən sonra N saylı hərbi hissədə motoatıcı taborun qərargah rəisi vəzifəsinə təyin edilmişdir.2008-ci ildə, Hərbi Akademiyanı bitirdikdən sonra cəbhə bölgəsində yerləşən müxtəlif hərbi hissələrdə tabor komandiri, qərargah rəisi, hərbi hissə komandirinin müavini və korpus komandirinin müavini vəzifələrində xidmət etmişdir.
Şükür Həmidov 2013-2014-cü illərdə Tərtər rayonunda N saylı hərbi hissənin komandiri vəzifəsində xidmət etmiş o, həmin dövrdə indi adını daşıdığı küçədə yaşamışdır.
Şükür Həmidov Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin müxtəlif tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10, 90, 95 və 100 illiyi” yubiley medalları və III, II, I dərəcəli “Qüsursuz xidmətə görə” medalları, eləcə də “Hərbi xidmətdə fərqlənməyə görə” II, I dərəcəli medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Veteranı” medalı, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanlarının 100 illiyi” yubiley medalları ilə təltif edilmişdir.
2016-cı il Aprel döyüşlərində-“Lələ təpə" yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Həmidov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş və “Azərbaycan Milli Qəhrəmanının Qızıl ulduz” medalı ilə təltif edilmişdir.
10 may 2016-cı il tarixdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olarkən Şükür Həmidovla görüşmüş və onun əmri ilə polkovnik-leytenant Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilmişdir.
Şükür Həmidov Vətən müharibəsi zamanı 22 oktyabr 2020-ci il tarixdə doğulub böyüdüyü doğma Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, Bakı şəhər “2-ci Fəxri Xiyaban”da dəfn edilmişdir.
Tədbir iştirakçıları dövlət tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Tahirə AĞAMİRZƏ
 
