Bu barədə Qarabağ Universitetinin mətbuat xidməti məlumat verib.
Qeyd olunub ki, iclası giriş sözü ilə açan Qarabağ Universitetinin rektoru Şahin Bayramov bu ali təhsil müəssisəsində ikinci tədris ilinin başlanması münasibətilə professor-müəllim heyətini təbrik edib. Rektor akademik və inzibati heyətin ötən tədris ilindəki fəaliyyətini dəyərləndirərək, yeni tədris ilində nailiyyətlərin daha da genişləndirilməsinin, tədris, tədqiqat, tələbələrlə iş, beynəlxalq əməkdaşlıq, sənaye ilə işbirliyi və digər bütün istiqamətlərdə görülən işlərin keyfiyyətinin və nəticəyönümlüyünün daha da yüksəldilməsinin vacibliyini vurğulayıb.
Daha sonra iclasın gündəliyində duran məsələlər Şura üzvlərinin diqqətinə çatdırılıb.
Əvvəlcə, Elmi Şuranın yenilənmiş tərkibi barədə məlumat verilib və Qarabağ Universitetinin
2025/2026-cı tədris ili üzrə Elmi Şurasının illik iş planı iştirakçılara təqdim olunub.
İclasın gündəliyinə uyğun olaraq, Tədris şöbəsinin müdiri Leyla Əliyeva Qarabağ Universitetinin 2025/2026-cı tədris ili üçün tələbə qəbulunun yekunları, tədrisin təşkili vəziyyəti və fakültələrin tədris planları haqqında təqdimatla çıxış edib.
Qeyd olunub ki, cari il Qarabağ Universitetinə qəbul olunan tələbələrin keyfiyyət göstəricilərinin yüksəlməsi universitetin artan nüfuzunun bariz göstəricisidir. Yeni tədris planlarının tələbələrin həm nəzəri, həm də praktiki biliklərə yiyələnməsini təmin edəcək şəkildə hazırlandığı vurğulanıb.
Çıxışlardan və müzakirələrdən sonra təqdim olunan hesabatlar Elmi Şura üzvləri tərəfindən qəbul olunub.
Elmi Şura iclası cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.
Tahirə AĞAMİRZƏ