Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi İlkin Rauf oğlu Əsgərovun doğum günüdü. O, 9 sentyabr 2000-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. Orta təhsilini Gəncə şəhər Nizami Gəncəvi adına 11 nömrəli tam orta məktəbdə aldıqdan sonra həqiqi hərbi xidmətə yollanıb.
Azərbaycan Ordusunun əsgəri olan İlkin Əsgərov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzuli, Xocavənd və Şuşa uğrunda vuruşaraq şücaətlər göstərib.
İlkin Əsgərov 9 noyabr 2020-ci ildə Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz 17 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında böyük izdihamla dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İlkin Əsgərov ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və
“Cəsur döyüşçü” medalı ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD