19.10.2024, 18:33
AZ EN
12.09.2023, 09:00 169

Səxavət yaralansa da geri dönmədi

XƏBƏRLƏR
  • Bu gün torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhid əsgər, Vətən müharibəsi qəhrəmanlarından biri - Məmmədov Səxavət Vahab oğlunun doğum günüdür. O, 1996-cı il sentyabrın 12-də Ağdam rayonunun Paşabəyli kəndində dünyaya gəlib. Doğma rayonda orta təhsilini başa vurub, hərbi xidmətə yollanıb. 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Səxavət Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Suqovuşanın, Füzulinin, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.

S. Məmmədov müharibənin son günlərində yaralansa da silahını yerə qoymayıb. 2020-ci il noyabrın 9-da Laçın rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb. 17 gündən sonra nəşi tapılan şəhidimiz Ağdam Şəhidlər Xiyabanında böyük bir izdihamla torpağa tapşrılıb.

S.Məmmədovun doğulduğu Ağdam rayonunun Paşabəyli kəndində onun əziz xatirəsinə bulaq kompleksi inşa edilib.

Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən Səxavət Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidimizin ata-anası deyir ki, onlara doğma balasından ayrılmaq çox çətin olsa da Səxavətin Vətən uğrunda şəhidliyi ilə qürur duyurlar. Bildirirlər ki, oğul həm də Vətənin övladıdır. Onların övladı da doğma Vətən, Qarabağ uğrunda canından keçib.

Anam da qürurludur

Adım Vətənlə təndir.

Mənim ilk beşiyim də,

Məzarım da, Vətəndir!

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər