06.09.2025, 22:01
AZ EN
06.09.2025, 08:54 84

Təhsil işçilərinin sentyabr konfransı keçirilib

XƏBƏRLƏR
  • Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.

Konfransda Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, sektor müdirləri, idarə əməkdaşları, ümumi təhsil müəssisələrinin direktorları və müəllimlər iştirak ediblər.

Konfransın birinci günü məktəb direktorlarının iştirakı ilə 2024-2025-ci tədris ilinin nəticələri təhlil edilib, mövcud vəziyyət dəyərləndirilib, qarşıda duran vəzifələr və hədəflər müzakirə edilib.

Həmçinin konfrans çərçivəsində Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov çıxış edərək müəllimlərin peşəkar inkişafı, rəqəmsal bacarıqların artırılması, dərsə davamiyyətin yüksəldilməsi, oxuyub-anlama və riyazi təfəkkürün inkişafı, məktəb-şagird-valideyn üçbucağında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq mühitinin yaradılması kimi məsələlərə toxunub. O, həmçinin təhsilin keyfiyyətinin artırılmasında fərdi yanaşmaların əhəmiyyətini vurğulayıb.

Çıxış zamanı işğaldan azad olunmuş ərazilərdə yerləşən məktəblərdə tədrisin təşkili və keyfiyyətin yüksəldilməsi də diqqət mərkəzində olub. Bildirilib ki, bu ərazilərdə fəaliyyətə başlayan təhsil müəssisələrinin kadr potensialı, pedaqoji prosesin səmərəliliyi, tədris prosesi daim izlənilir və sistemli şəkildə dəstəklənir.

Konfransın 2-ci günündə isə fənn müəllimləri ilə görüş keçirilib. Görüşdə IV, VI, IX siniflər üzrə nəticələrin təhlili, qiymətləndirmə meyarlarının düzgün inteqrasiyası və şagird nailiyyətlərinin artırılması məsələlərinə toxunulub. Fənn müəllimlərinin qarşısında innovativ tədris metodlarından istifadə, fərdi yanaşmaların tətbiqi, təlim nəticələrinin yüksəldilməsi və davamlı peşəkar inkişaf kimi vəzifələrin dayandığı vurğulanıb.

Daha sonra görüş panel müzakirə ilə davam edib. İştirakçılar təcrübə mübadiləsi apararaq tədrisin dövrün tələblərinə uyğun şəkildə təşkili məsələləri ilə bağlı fikirlərini bildiriblər.

Qeyd edək ki, sentyabr konfransı iştirakçılar üçün fikir mübadiləsi aparmaq, qabaqcıl təcrübələri bölüşmək və aktual təhsil  çağırışlarına uyğun vahid yanaşmalar formalaşdırmaq baxımından əhəmiyyətli platformadır.

Konfransın əsas məqsədi ümumi təhsilin inkişaf istiqamətlərini və qarşıda duran strateji hədəfləri müəyyənləşdirmək, eyni zamanda 2025-2026-cı tədris ili üçün fəaliyyət planlarını formalaşdırmaqdan ibarət olub.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər