11.09.2025, 09:00
AZ EN
05.09.2025, 09:50 215

Bu gün şəhid Ayşad Əzizovun doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Şanlı Vətən müharibəsinin qəhrəman şəhidi Ayşad Qaryağdı oğlu Əzizovun doğum günüdü. O, 5 sentyabr 1990-ci ildə Tərtər rayonunun Əskipara kəndində anadan olub. Kənddə orta məktəbi bitirib və hərbi xidmətə yollanıb. Ayşad idmançı idi, bir çox yarışların dəfələrlə qalibi olmuşdu. O, müddətdən artıq həqiqi hərbi qulluqçu kimi Vətənə xidmət edirdi.

Azərbaycan ordusunun əsgəri Ayşad Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qatılıb. Vətən müharibəsində şücaətlər göstərən Ayşad döyüşlərin ilk, çətin və həlledici günündə Talış kəndi uğrunda qəhrəmancasına şəhadətə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ayşad Əzizov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidimiz ailəli idi, onun Yusif və Hüseyn adlı övladları Vətənə əmanət qalıb.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər