27.10.2025, 16:07
AZ EN
27.08.2025, 09:00 263

Mənim qəhrəman balam...

XƏBƏRLƏR
  • Nicat çox həyatsevər, mehriban, istiqanlı oğlan idi. Adamlarla asanlıqla dil tapır, onlara qaynayıb-qarışırdı. Üzündəki gülüş, təbəssüm ona çox yaraşırdı. İndi anası Nicat haqqında danışanda hər sözünün başında “mənim balam”, deyir. Deyir ki, balamın  idmana o qədər həvəsi vardı ki, həmişə təlimlərdə, yarışlarda olurdu. Qatıldığı yarışlarda dəfələrlə birinci və ikinci yerə layiq görülmüşdü. Hərbi xidmətində də komandirləri ondan çox razı idilər. Bir dəfə Novruz bayramında o qədər gözəl rəqs eləmişdi ki, buna görə ona 5 günlük icazə vermişdilər. O hərbçi olmaq istəyirdi. Nicat Vətən müharibəsinə gülə-gülə, qaçaraq getdi. Döyüşlərdə həmişə özünü irəli atırdı. Doğmaları ilə oktyabrın 7-dək danışıb. Axırıncı dəfə deyib ki, bizi yuxarı qaldırırlar, əgər mənə bir şey olsa özünüzü üzməyin. Nicat müharibədə olanda düşmən Mingəçevir şəhərini də atəşə tuturdu. O bundan çox narahat olaraq tez evlərinə zəng eləmişdi. Nicat şəhadətə ucalanda onun heç 20 yaşı yox idi. İndi döyüşçü yoldaşları onun qəhrəmanlığından danışırlar. Nicat əsgər yoldaşını yana-yana tankın içindən çıxarmışdı...

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi İbişov Nicat Vasif oğlunun doğum günüdür. O, 27 avqust 2000-ci ildə Mingəçevir şəhərində dünyaya gəlib. Əslən Zərdab rayonundandır. Onlar ailədə iki uşq olublar, bircə bacısı var. 2006-2017-ci illərdə Mingəçevir şəhər 19 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-ci ilin oktyabr ayında Vətənə olan borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. Bakı şəhəri “N” saylı hərbi hissədə keçdiyi xidmətini tərifnamələrlə  başa vurub.

Nicat İbişov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə könüllü qatılıb. Tərtər istiqamətində gedən döyüşlərdə mərdliklə vuruşub.

Nicat İbişov 10 oktyabr 2020-ci ildə Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Şəhidimizin mübarək nəşi bir müddət neytral zonada qalıb.

Şəhid Nicat İbişov 25 oktyabr 2020-ci ildə Mingəçevir şəhəri Şəhidlər xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Nicat İbişov Şanlı Vətən müharibəsində göstərdiyi şücaətlərə görə ölümündən sonra “Vətən uğrunda”, ”Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Nicat balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər