2006-cı ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulan Azərbaycanda əlil hüquqlarının qorunması, onların sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, mənzillə təminatı, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün tədbirlər görülür. Həmin sahələrin hər biri üzrə lazımlı addımlar atılır.
Prezident İlham Əliyevin uğurlu sosial siyasəti Azərbaycanda əlilliyi olan şəxslərin də sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyasının dəstəklənməsi tədbirlərinin ildən-ilə genişlənməsinə imkan verib.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərə əlilliyə görə pensiya və ya aylıq sosial müavinət, eləcə də 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslər aylıq müavinət ödənilir. Müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olan şəxslər, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslər pensiya və ya müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü ilə də təmin edilirlər. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə də Prezidentin aylıq təqaüdü ödənilir.
Bu sosial ödənişlərin ardıcıl olaraq artırılması təmin olunur. Dövlət başçısının imzaladığı Fərman və Sərəncamlar nəticəsində xüsusilə son 5 ildə bu sahədə ciddi irəliləyişlər əldə olunub.
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra 5600, ümumilikdə ötən dövrdə 14400 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 324, ümumilikdə ötən dövrdə 7500-dən çox avtomobil verilib.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan, 2021-ci ilin oktyabr ayında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi isə əlilliyi olan şəxslərin və digər həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsinə mühüm dəstək göstərir. Ötən dövrdə burada mühüm bir hissəsi əlilliyi olan şəxslərdən ibarət 470 benefisiar müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlim, sosial pedaqoji və psixoloji xidmətlərdən yararlanıb. Heydər Əliyev Fondunun sosial layihələrindən biri kimi ötən dövrdə ölkəmizin 3 bölgəsində əlilliyi olan şəxslərin İKT vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsi üçün Regional İnformasiya Mərkəzləri də açılıb.
Ölkəmizdə son 5 ildə reabilitasiya infrastrukturu müasir tələblərə uyğun qurulub və şəbəkəsinin genişləndirilməsi üçün mühüm addımlar atılıb.
Bütün bu tədbirlər ölkəmizdə əlilliyi olan şəxslərlə bağlı fəal dövlət siyasətinin aparıldığını göstərir.
Hazırladı: Mina RƏŞİD