Kəlbəcər rayonundan keçmiş məcburi köçkün Aygün İsayeva Dövlət Məşğulluq Agentliyi tərəfindən özünəməşğulluq proqramı çərçivəsində “kiçik dərzi sexi” zərfi üzrə aktivlərlə təmin olunub.
Aygün İsayeva 1986-cı ildə Kəlbəcər şəhərində anadan olub. Kəlbəcər işğal olunandan sonra ailələri Kəlbəcəri tərk edib. O zaman Aygünün 6 yaşı olub:
“Kəlbəcərə yenidən qayıtmaq məndə xoş təəssürat yaratdı. O zaman mən uşaq olmuşam, yadımda az şey qalıb. Amma böyüklərimdən Kəlbəcər haqqında çox eşitmişəm. Düzdür, gedəndə eşitdiklərim kimi görməsəm də, amma çox sevindim ki, artıq yenidən doğma torpağımıza qədəm qoymuşuq.
Şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə Allah cansağlığı versin. Allah başda Ali Baş Komandanımız, Prezidentimiz cənab İlham Əliyev olmaqla hərbçilərimizi qorusun, onların sayəsində biz doğma torpaqlarımıza qayıtdıq, ata-baba yurdumuzu ziyarət etdik, həsrətində olduğumuz doğma yurdumuza qovuşduq.
Məşğulluq haqqında eşitmişdim, gedənlər vardı. Mən də gedib müraciət elədim. Getdim oxudum, imtahan verdim. Sağ olsunlar, avadanlıqla, averloq, normal tikiş maşını, ütü stolu, ütü ilə təmin ediblər. Bu avadanlıqlardan istifadə edirəm. Gəlirim var, sifariş qəbul edirəm”.
Artıq öz işinin sahibi olan Aygün İsayevanın növbəti hədəfi kiçik biznesini doğma yurdda daha da zənginləşdirməkdir.
Tahirə AĞAMİRZƏ