22.11.2024, 15:17
AZ EN
01.09.2023, 09:00 246

Qələbə ilə geri dönəcəm

XƏBƏRLƏR
  • Qəhrəman Şəhidimiz Orxan Cümşüdovun anası əvvəlcə efirə çıxmaq istəmirdi. İstəmirdi ki, ciyərparası onu gözüyaşlı görsün…

Orxanın qəhrəman anası deyir ki, balamı heç vaxt ölmüş hesab etmirəm, o həmişə mənimlədi... Orxan çox işgüzar idi, öz ürzərində hey çalışardı, indi kitabları, işləri də göz önündə durur. Balam istəyirdi ki, öz savadı, əziyyəti ilə ucalsın.

Orxanın bibisi də, qardaşnın bircə oğlundan can yanğısı ilə danışır. Deyir ki, boyum ona çatmırdı, mənimlə əyilib görüşürdü. Hündürboy, enlikürək, gülərüz bir oğul idi. Uşaqla uşaq böyüklə böyük kimi davranırdı, sanki yaşlı kişi idi.

Bu gün Vətən müharibəsi qəhrəmanlarından biri şəhid əsgər Cümşüdov Orxan Elxan oğlunun doğum günüdür. O, 1993-cü il sentyabrın 1-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olub. 2015-ci ildə Gəncə Dövlət Universitetinin Menecment ixtisası üzrə məzunu olmuşdu. Daha sonra isə Bakı Mühəndislik Universitetinin magistr pilləsini bitirmişdi. O, ingilis, rus dillərini mükəmməl bilirdi. Orxan təhsilini başa vurub 20 gün idi ki, Bakı Nəqliyyat agentliyində işə qəbul olunmuşdu. Ancaq Vətənə olan borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollandı...  

Ordumuzun əsgəri Orxan Cümşüdov 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Cümşüdov noyabrın 1-də Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz böyük izdiham və ehtiramla doğma Goranboy rayonunda torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Orxan Cümşüdov ölümündən sonra "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Anası deyir ki, oğlum ilk maaş kartını da ala bilmədi. Onunla axırıncı dəfə danışdıq, dedim ki, özündən muğayat ol. Dedi ki, qorxma, sənin gözünü yaşlı qoymaram, qələbə ilə qayıdıb gələcəm. Elə həmin danışıqdan 3 saat sonra şəhid oldu balam... 

Orxanın nə qədər arzuları vardı. Amma onun da igid Vətən övladları kimi ən böyük arzusu illərdi düşmən tapdağında əzilən torpaqlarımızın azad olunması və doğma Azərbaycanın düşmən üzərindəki qələbəsi idi. Orxan bu arzusuna öz qanıyla qovuşdu.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər