Bibisi deyir ki, Elçin tək qardaşımın balası yox, elə bil, öz övladımdı. Onun gülüşü, danışığı, yerişi gözümüzün önündədi. Doğmaları deyirlər ki, Elçin sonuncu dəfə keçirdikləri doğum günündə söyləmişdi ki, mən cənnət qapısının astanasındayam...
Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Mirzəyev Elçin Maqsud oğlunun doğum günüdür. O, 31 iyul 1985-ci ildə Goranboy rayonunun Xan-Qərvənd kəndində dünyaya gəlib. 1991-ci ildə orta məktəbə gedib. 2002-ci ildə məktəbi bitirən Elçin Mingəçevir Tibb Kollecinin ortopedik stomotologiya fakültəsinə daxil olub. Təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətdən sonra ixtisası üzrə çalışmağa başlayıb. 2007-ci ildə ailə quran Elçin Mirzəyev 2014-cü ildə kəşfiyyatçı kimi müddətdən artıq hərbi xidmət qulluqçusu kimi yenidən Vətənin keşiyində dayanıb.
Elçin Mirzəyev İkinci Vətən Müharibəsinin ilk günündən könüllü döyüşlərə qatılıb. O, ağır döyüşlərin birində yaralanıb, ancaq yarası tam sağalmamış yenidən cəbhəyə qayıdıb.
İgid döyüşçü oktyabrın 10-da Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimizin nəşi üç gün sonra oktyabrın 13-də Yevlax rayonunda Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Ölkə başçısı Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid Mirzəyev Elçin Maqsud oğlu ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid Elçin Maqsud oğlu Mirzəyevin yaşadığı binada xatirə lövhəsinin açılışı olub.
Şəhidimiz ailəli idi, onun üç övladı Vətənə əmanət qalıb.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhdim!
Mina RƏŞİD