İctimai Birlikdən verilən məlumata görə, layihənin əsas məqsədi İsveçrənin Cenevrə şəhərindəki BMT-nin ofisi qarşısında dinc aksiyanın keçirilməsidir. Aksiyada Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş 7 ailənin üzvləri iştirak edəcəklər. Bildirilib ki, BMT-nin ofisi qarşısında dinc aksiya keçirməklə dünya ictimaiyyətinin diqqəti bu problemə yönəldiləcək. İtkin düşmüş azərbaycanlıların son taleyi və məzar yerləri haqqında məlumatların Ermənistan tərəfindən Azərbaycan dövlətinə və itkin ailələrinə verilməsi üçün çağırış ediləcək.
Məlumatda bildirilib ki, Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən həyata keçirilən soyqırımı siyasəti nəticəsində itkin düşmüş vətəndaşların axtarılması işinin səmərəliliyinin artırılması, problemin dünya ictimaiyyətinə çatdırılması və bu sahəyə beynəlxalq təşkilatların diqqətinin cəlb edilməsi itkin ailələrinin hüquqlarını müdafiə edən “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin üzərinə düşən vəzifədir. Dünya ictimaiyyəti bu problemin həllinə yönəlik işlər aparmalı, minalanmış ərazilərin təmizlənməsində və axtarış işlərinin asanlaşmasında yardımçı olmalıdır.
Xatırladaq ki, cari il iyunun 1-nə olan məlumata əsasən, Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə əlaqədar Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 3 min 990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır.
Hazırladı: Mina RƏŞİD