22.06.2025, 14:33
AZ EN
04.07.2024, 11:23 398

“Azərbaycan bayrağı” ordenli şəhid İlyas Nəsirovun doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəmanı “Azərbaycan bayrağı” ordenli şəhidimiz, gizir İlyas Arzuman oğlu Nəsirovun doğum günüdür. O, 1985-ci il iyulun 4-də Beyləqan rayonunun Milabad kəndində anadan olub. Vilayət Cəfərov adına Milabad kənd orta məktəbini bitirib. 2002-ci ildə hərbi xidmətə yollanıb, kəşfiyyat bölüyündə xüsusi təlim keçib. 2007-ci ildə hərbi xidmətini uğurla başa vurub. Bundan sonra hərb sənətinə böyük marağı olan İlyas müdavim təlimlərinə başlayıb. Daha sonra N saylı hərbi hissədə kəşfiyyatçı kimi Vətənə xidmət edib və  kiçik çavuş rütbəsini qazanıb.

İlyas Nəsirov 2012-ci ildə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub. 2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi”, daha sonra "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan ordusunun 100 illiyi”, 2016-cı ildə “Qüsursuz hərbi xidmətə görə III dərəcəli” medallara layiq görülüb.

İkinci Qarabağ Müharibəsində də gizir İlyas Nəsirov həmişə peşəkar bir kəşfiyyatçı kimi döyüşlərdə öndə gedib. Cəbrayıldan başlayaraq Xankəndi, Şuşa istiqamətində gedən qızğın döyüşlərdə mərdliklə iştirak edib. İlyas Nəsirov 2020-ci il oktyabrın 21-də Qubadlı döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən gizir İlyas Nəsirov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "İgidliyə  görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Şəhidimizin ömür-gün yoldaşı Aytəkin xanım bildirir ki, İlyas vaxtının çox hissəsini gecə kəsfiyyatı təlimlərinə sərf edirdi. Aprel döyüşlərində yaralı komandirini mühasirədən xilas etmişdi və bu kimi başqa igidlikləri çox idi. Lakin heç vaxt özü haqda danışmağı sevməzdi. Həmyaşıdları, özündən yaşca böyük yoldaşları ona "dayı" deyə müraciət edirdilər. Çox sadə və mərd insan idi. Həmişə özündən çox başqalarını  düşünürdü.

Şəhidimizin üç övladı Vətənə yadigar qalıb.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər