25.06.2025, 05:15
AZ EN
05.10.2022, 09:01 217

Şərəfli ömrünü davam etdirir

XƏBƏRLƏR
  • Hər bir insan üçün doğulduğu torpaq daha qiymətlidir. Təəssüflər olsun ki, mənfur qonşularımızın nankorluğundan torpaqlarımıza illərlə həsrət qaldıq. Amma bu yurd istəyi bir an olsa bizi tərk etmədi, hamı bu günü - Zəfər gününü gözləyirdi. Nəhayət o gün gəldi. İgid oğullarımız şərəfli tarix yazdı. Onlardan biri də Həsənov Kənan Baloğlan oğludur. O, 1992 -ci ildə Zəngilan rayonunda anadan olmuşdur.1993-cü ilin oktyabr ayında  mənfur düşmənlərimiz- ermənilərin hücumu nəticəsində doğma yurd-yuvasını tərk etməyə məcbur olmuşdu.1998-ci ildə Xırdalan şəhərində yerləşən Kəlbəcər rayon 20 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur. 2009-cu ildə həmin məktəbin 11-ci  sinfini bitirmişdir. 2010-cu ilin aprel ayında hərbi xidmətə çağırılmışdır. 2011-ci il oktyabr ayında hərbi xidməti başa vursa da, Müddətdən artıq  hərbi qulluqçu kimi xidmətini davam etdirmişdi. Uşaqlıqdan hərbiyə olan marağı onun elə hərbiçi kimi çalışmasında böyük rol oynadı. Bu onun Vətənə olan sevgisindən, torpaq həsrətindən irəli gəlirdi.

30 ilə yaxın çəkən Vətən həsrəti bütün Azərbaycan vətəndaşı kimi Kənan Həsənovun da ən böyük  nisgili idi.Doğma torpaqlarına qovuşacağı günü səbirsizliklə gözləyirdi.2020-ci il sentyabrın 27-də Ali Baş Komandanımızın əks-hücum əməliyyatı əmri Kənanın həyatında ən şərəfli, ən məsuliyyətli tapşırıq idi. Doğma torpaqlara qovuşmaq, onları yağı tapdağından xilas etmək üçün son damla qanına qədər vuruşmaq onun ən böyük arzusu idi.

Oktyabrın 26-da Kənanın həyatında sonuncu döyüş günü oldu. Bu tarixə qədər bir çox rayonların, kəndlərin-Füzulinin, Cəbrayılın, Zəngilanın işğaldan azad olunmasında böyük  şücaətlə vuruşmuşdu. Oktyabrın 26-da Xocavəndin Zoğalbulaq kəndi uğrunda gedən qızğın  döyüşlərdə düşmənin qurduğu piyada əleyhinə minaya düşərək sol ayağını itirmişdi. Cənab Prezidentimizin əmri ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. İndi ən böyük arzusu doğma Zəngilanda yaşayıb işləməkdir. Allah arzularına qovuşdursun!

İsa MUSAYEV

Oxşar xəbərlər